...

Los Ancelesdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib (FOTO)

Siyasət Materials 8 May 2015 10:36 (UTC +04:00)
ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə geniş tədbir keçirilib.
Los Ancelesdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə geniş tədbir keçirilib. Trend-in məlumatına görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Los Anceles Vilayəti rəsmiləri, xarici diplomatlar, Azərbaycan diasporu və müxtəlif icmaların fəalları və yerli KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Heydər Əliyevin uğurlu həyat yolundan və Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib: "Xalqın tələbilə 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan qoruyub, ölkənin müstəqilliyinin saxlanılmasında və daha da gücləndirilməsində misilsiz rol oynayıb".

N.Ağayev, Ümummilli Liderin Azərbaycan dövlətçiliyi və azərbaycançılıq qayəsi uğrunda göstərdiyi böyük fədakarlıqlardan danışaraq, onun əziz xatirəsinin xalqın qəlbində daim yaşayacağını qeyd edib. Baş konsul Ümummilli Liderin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini bildirib.

Sonra Los Ancelesin nüfuzlu kardioloq həkimlərindən olan, tanınmış UCLA universitetinin professoru Dr. İzhar Xaruzi çıxış edərək Azərbaycan haqqında fikirlərini bölüşüb. Azərbaycana etdiyi səfərdən danışan natiq ölkənin inkişafının onda ən müsbət təəssüratlar yaratdığını, xüsusilə müxtəlif dini etiqadlara dövlət səviyyəsində göstərilən qayğının olduqca nümunəvi olduğunu bildirib. İ.Xaruzi multikulturalizm və tolerantlıq siyasətinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsinin olduqca təqdirəlayiq hal olduğunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan icmasının fəallarından Piruz Xanlı isə Heydər Əliyevlə bağlı şəxsi xatirələrini iştirakçılarla paylaşıb. P.Xanlı Ümummilli Lider ilə dəfələrlə görüşdüyünü qeyd edərək, onun dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılara göstərdiyi qayğıkeşliyin və xoş münasibətin unudulmaz olduğunu bildirib. Ümummilli Liderin güclü siyasi xadim olmaqla yanaşı, böyük insan və vətənpərvər olduğunu söyləyən natiq Heydər Əliyevin iti zəkasının, incə yumor hissinin və insanı anlamaq bacarığının onu daima valeh etdyini qeyd edib.

Tədbir bədii hissə ilə davam edib. Gitara, fleyta və vokal sənətçilərindən ibarət trio konsert proqramı ilə çıxış edərək Azərbaycan, türk və ABŞ bəstəkarlarının əsərlərindən klassik və populyar nümunələr səsləndirib. Daha sonra qonaqlar Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən foto-sərgilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti