...

Aktauda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 9 May 2015 01:30 (UTC +04:00)
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu Ümummilli Lider Heydər Əliyevin 92-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirmişdir.
Aktauda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu Ümummilli Lider Heydər Əliyevin 92-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirmişdir.

Baş konsulluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, universitetin nəzdində fəaliyyət göstərən "Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi"ndə təşkil olunmuş tədbirdə universitetit müəllim və tələbə heyəti, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Novruz" milli-mədəni mərkəzinin fəalları, yerli televiziya və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya elmləri doktoru, professor Beybit Mamrayev Heydər Əliyevin haqqında tədbir iştirakçılarına məlumat verərək, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolu, iki qardaş xalqı arasında əlaqələrin möhkənləndirilməsi, 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə etmiş hər iki dövlət üçün zəruri olan qarşılıqlı dəstəyin həyata keçirilməsi sahəsində apardığı siyasət haqqında danışmışdır.

Rektor Heydər Əliyevin adı ilə bağlı Baş konsulluq tərəfindən Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə bir dəfəlik təqaüdələrin verilməsinin yüksək qiymətləndirərək, təqaüd almış hər bir tələbə üçün həyatının önəmli nailiyyətlərindən olduğunu bildirmişdir.

Sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışmışdır. Baş konsul çıxışında, artıq üçüncü il təqdim olunan təqaüdün qaliblərinin universitet rəhbərliyi ilə Baş konsulluq arasında universiteti əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələri arasından seçildiyini qeyd etmişdir. R.Məmmədov universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, Baş konsulluq tərəfindən nəşr etdirilmiş "İki xalq - bir tale" kitabları, həmçinin beş yüz ABŞ dolları məbləğındə təqaüd təqdim etmişdir.

Daha sonra, Atırau vilayətində yaşayan azərbaycanlıların "Novruz" milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, habelə bu sahədə aprılmış və hazırda davam etdirilən siyasət barədə danışmışdır.

Çıxışlardan sonra, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti