...

Təbrizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub (FOTO)

Siyasət Materials 9 May 2015 13:05 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki Baş konsulluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib.
Təbrizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub (FOTO)

İran, Tehran, 9 may /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanın Təbrizdəki Baş konsulluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Heydər Əliyev şəxsiyyəti, həyat və fəaliyyəti, onun Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə olunması, dövlət müstəqilliyinin qorunub saxlanması sahəsində göstərdiyi misilsiz xidmətləri haqqında danışmış, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət nəticəsində Azərbaycanın hazırda da uğurla irəliyə doğru addımladığını diqqətə çatdırmışdır. Baş konsul Azərbaycan-İran əlaqələrinin də əsasının məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək, bu əlaqələrin hazırda da qarşılıqlı dostluq və əməkdaşlıq meyarları üzərində davam etdiyini vurğulayıb.

Çıxışdan sonra rəsmi qəbulun iştirakçıları ulu öndər Heydər Əliyevə aid fotosərgiyə, "Dahi şəxsiyyət" adlı filmə baxmış, ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycan həqiqətlərinə, Azərbaycanın turizm və mədəniyyətinə dair sərgilənən kitablarla tanış olmuşlar. Heydər Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş müxtəlif məzmunlu əyani materiallar, eləcə də Azərbaycana, Azərbaycan həqiqətlərinə dair bir sıra kitab və jurnallar da tədbir iştirakçılarına paylanmışdır. Rəsmi qəbulda Azərbaycanın xalq mahnıları səsləndirilmiş, iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq edilmişlər.

Rəsmi qəbulda İran İslam Respublikasının Təbriz şəhərinin İcra Hakimiyyətinin başçısı R.Şöhrətifər, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər İcra Hakimiyyətinin bir sıra rəsmiləri, Türkiyənin Təbrizdəki Baş konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti