...

Azərbaycan-Türkiyə birgə taktiki hərbi təlimlərində iştirak edən şəxsi heyət və texnikanın sayı açıqlandı (ƏLAVƏ OLUNUB) (VİDEO)

Siyasət Materials 12 May 2015 18:05 (UTC +04:00)
Bu gündən etibarən Azərbaycan-Türkiyə birgə taktiki hərbi təlimləri başlayıb.
Azərbaycan-Türkiyə birgə taktiki hərbi təlimlərində iştirak edən şəxsi heyət və texnikanın sayı açıqlandı (ƏLAVƏ OLUNUB) (VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:53-də yayılıb)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlkin İzzət/

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin ilk mərhələsi keçirlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmanı, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlərdə müdafiə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetiriləcəkdir.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını icra edəcəklər.

Təlimlər mayın 16-dək davam edəcək.

X X X

Bu gündən etibarən Azərbaycan-Türkiyə birgə taktiki hərbi təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunduğu birgə taktiki təlimlər başlayıb.

Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti