...

Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr çərçivəsində görüş keçirilib

Siyasət Materials 13 May 2015 18:16 (UTC +04:00)
Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr çərçivəsində bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov ilə RF Xarici İşlər Nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Aleksey Pavlovski arasında görüş keçirilib.
Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr çərçivəsində görüş keçirilib

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr çərçivəsində bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov ilə RF Xarici İşlər Nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Aleksey Pavlovski arasında görüş keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, X.Xələfov Azərbaycan və Rusiya arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, iqtisadi, ticarət, sosial və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini nəzərə çatdırıb.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan X.Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması üçün əlverişli zəminin olduğunu qeyd edib.

Tərəflər münasibətlərimizin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və inkişafı ilə bağlı fikir mübadiləsi aparıb və qarşılıqlı təklifləri müzakirə ediblər.

A.Pavlovski iki ölkə arasında münasibətlərin mövcud yüksək inkişafında Azərbaycan və Rusiya rəhbərlərinin mühüm rol oynadıqlarını deyərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Rusiyaya səfərinin və bu əsnada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycanın Cənubi Qafqaz regionunda Rusiyanın önəmli tərəfdaşı olduğunu qeyd edən X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid doğurduğunu bildirib. O, münaqişənin həllinin yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkün olduğunu vurğulayaraq, münaqişənin həll olunması prosesində Rusiyanın vacib rola malik olduğunu, Rusiya tərəfindən ikitərəfli əsasda və ATƏT-in Minsk qrupunun həmsədri qismində Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasına yönəlmiş təsirli addımların atılmasının vacibliyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi məsləhətləşmələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti