...

İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 26 May 2015 21:06 (UTC +04:00)
Bir sıra ölkələrin dövlət başçıları, yüksək vəzifəli rəsmiləri 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayırlar.
İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Azərbaycan, Bakı, 26 may /Trend/

Bir sıra ölkələrin dövlət başçıları, yüksək vəzifəli rəsmiləri 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayırlar.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımın olduğunu bildirirəm".

X X X

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən: "Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

X X X

Mərakeşin Kralı VI Məhəmməddən: "Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın qarşılıqlı hörmətə, məhsuldar əməkdaşlığa və ölkələrimiz arasında fəal həmrəyliyə əsaslanan əlaqələrindən məmnunluq duyduğumu bildirmək istəyirəm. Mən yenilməz qüdrət sahibindən İslam ümmətinin istəklərinə nail olmaları, daha xeyirli və təhlükəsiz gələcəkləri, sülh və sabitliyi, inkişaf, tərəqqi, birlik və həmrəylikləri üçün dua edirəm".

X X X

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyevdən: "Əlamətdar bayram - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Sizin yorulmaz fəaliyyətiniz, ənənəvi dəyərlərə söykənməyiniz və elmin ən müasir nailiyyətlərini xalqın xidmətinə gətirməyiniz sayəsində bu gün Azərbaycan milli özünəməxsusluğunu, təbiətinin gözəlliklərini, çox zəngin tarixini və mədəniyyətini saxlamaqla, intensiv iqtisadi inkişafın örnəyinə çevrilib. Sizin çox yüksək peşəkarlığınız və siyasi xadim kimi parlaq istedadınız Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərinin inkişafına keyfiyyətcə yeni təkan verib. Sizin insanlara səmimi qayğıkeşliyiniz və Vətənə sonsuz məhəbbətiniz dərin hörmət və heyranlıq hissi doğurur.

Bu bayram günündə Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən firavanlıq, sülh və xoşbəxtlik arzu edirəm".

X X X

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan: "Qardaş Azərbaycanın Milli Bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər əldə edib və dünyanın mühüm mədəni və cazibə mərkəzlərindən birinə çevrilib.

Zati-alinizin yüksək diqqəti və qayğısı sayəsində TÜRKSOY ilə Azərbaycan arasında mədəni əlaqələrin və əməkdaşlığın səviyyəsi günbəgün genişlənir, zəngin və rəngarəng Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən beynəlxalq tədbirlərdə geniş təmsil olunaraq dünya mədəniyyətinə öz layiqli töhfəsini verir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, tərəqqi və firavanlıq arzu edirəm".

X X X

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan: "Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu bayram çoxmillətli Azərbaycan xalqının birliyinin, ölkənin suverenliyinin, cəmiyyətdə həmrəyliyin və sabitliyin rəmzidir. Azərbaycanın bugünkü şəksiz uğurları, beynəlxalq miqyasda müstəqilliyinin, nüfuzunun möhkəmlənməsi, əhalisinin həyat səviyyəsinin və firavanlığının yüksəlməsi Sizin yürütdüyünüz məqsədyönlü və uzaqgörən siyasətin bəhrəsidir. Biz Sizin uğurlarınızı öz uğurlarımız kimi qəbul edir və bu nailiyyətlərlə fəxr edirik.

Əminəm ki, xalqlarımız arasında sıx və etibarlı münasibətlər keçmişin şanlı ənənələrindən qaynaqlanaraq, bundan sonra da qardaşlıq, dostluq, qarşılıqlı hörmət və anlaşma əsasında inkişaf edəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının çiçəklənməsi naminə bitib-tükənməyən güc və enerji arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti