...

Novruz Məmmədov: Donald Tuskun səfəri Aİ-nin Azərbaycanla əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini göstərir (ƏLAVƏ OLUNUB-3)

Siyasət Materials 24 İyul 2015 16:35 (UTC +04:00)
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan üçün, həm də Avropa-Azərbaycan əlaqələri üçün çox mühüm hadisələrdən biri idi.
Novruz Məmmədov: Donald Tuskun səfəri Aİ-nin Azərbaycanla əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini göstərir (ƏLAVƏ OLUNUB-3)

İlk xəbər saat 15:33-də yayılıb

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Elçin Mehdiyev/

"Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfəri həm Azərbaycan üçün, həm də Avropa-Azərbaycan əlaqələri üçün çox mühüm hadisələrdən biri idi".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov qeyd edib ki, bu, Avropa İttifaqı Şurası prezidentinin Avropa ölkələrindən kənara ilk xarici səfərlərindən biri, bəlkə də birincisi idi: "Bu da Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirir".

PA rəsmisi deyib ki, bu səfərlə bağlı əvvəlcədən müəyyən razılaşma var idi: "Səfər əslində Avropa Oyunları zamanı baş tutmalı idi. Avropa İttifaqı Şurası prezidentinin bu Oyunlara da baş çəkmək niyyəti var idi. Lakin həmin vaxt, iyun ayında Yunanıstanda baş verən hadisələrlə bağlı çox mühüm bir vəziyyət əmələ gəldi. Bununla bağlı Avropa İttifaqının rəhbərləri yığışmalı oldular. Böhran vəziyyəti idi. Ona görə də bizə xəbər göndərdi ki, gələ bilmədiyinə görə üzr istəyir və səfəri bir qədər təxirə salır".

N.Məmmədov vurğulayıb ki, son vaxtlar, xüsusilə, bu ilin əvvəlindən Azərbaycanla Avropa İttifaqının strukturları, eləcə də bəzi qərb strukturlarının bir sıra məsələlərə fərqli yanaşmaları var idi: "Bunun da əsas səbəbini bununla izah edirik ki, Azərbaycan müstəqilliyini qazandığı ilk gündən Avropa İttifaqı, o cümlədən, Avropa dövlətləri ilə bütün sahələrdə və bir sıra çox mühüm strateji sahələrdə ən uğurlu, ən möhkəm və sıx əməkdaşlıq edən dövlətdir. Mən şəxsən bunu qeyd edirəm ki, postsovet məkanında olan dövlətlər içərisində Avropa strukturları, Avropa dövlətləri ilə Azərbaycan qədər uğurlu, hərtərəfli əməkdaşlıq edən ikinci bir dövlət göstərə bilməzsiniz".

PA rəsmisi bildirib ki, Azərbaycan Avropa İttifaqı, Avropa dövlətləri ilə bir neçə sahədə strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq edir: "Onlardan biri enerji sahəsidir. Bu illər ərzində enerji sahəsində həyata keçirilən layihələr çox böyük layihələr olub və onlar ümumiyyətlə həm regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə, həm də Avropanın müəyyən mənada enerji təhlükəsizliyinə töhfə verib. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə birgə terrorizmə qarşı çox səmərəli mübarizə aparır".

N.Məmmədov deyib ki, digər tərəfdən, Azərbaycan Avropa strukturları ilə dünyanın müxtəlif yerlərində sülhün təmin olunmasında əməkdaşlıq edir: "Azərbaycan Avropa İttifaqı ilə siyasi və mədəniyyət sahələrində də sıx əməkdaşlıq edir. Amma bu ilin əvvəlindən bizim Avropa strukturlarına açıq, səmimi və daha sərt formada iradlarımız olub. Biz deyirik ki, əgər strateji sahələrdə belə əməkdaşlıq ediriksə, biz də bunun əvəzində sizdən buna bərabər, bunu dəyərləndirən münasibət gözləyirik, amma çox təəssüf ki, uzun müddət gözləsək də, bu münasibəti istədiyimiz səviyyədə görə bilmirik".

Şöbə müdiri qeyd edib: "Avropa strukturlarına, Avropa ölkələrinə kiçik bir irad deyilən kimi Azərbaycanda bəzi müxalif qeyri-hökumət təşkilatlarının nümayəndələri, özünü aktivist adlandıran müxalifətçilər bir hay-küy salırlar ki, guya dünya dağıldı. Biri də düşünmür ki, axı bu deyilən iradın bəlkə bir əsası var. Mən özüm bir qədər müşahidə apardım. Öz sahiblərinə, onları maliyyələşdirənlərə xidmət etsinlər - sözüm yoxdur, amma Azərbaycan vətəndaşı olduqlarını unutmasalar, yaxşı olar. Çox axtardım, lakin bu adamların heç birindən son illər ərzində bir dəfə də olsun Avropa strukturlarına və yaxud hansısa bir dövlətə qarşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli bir mövqe nümayiş etdirmək barədə nəinki tələb, heç xahiş də eşitmədim. Bəs onda bu Azərbaycan vətəndaşlığı harada qalır? Eyni zamanda, insan haqları məsələsindən danışılan zaman onların heç biri bu günə qədər ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün fundamental hüquqlarının pozulması ilə bağlı bir kəlmə belə deməyiblər və yəqin ki, bundan sonra da deməyəcəklər, çünki onlar ancaq göstərişləri yerinə yetirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti