...

YAP bəzi partiyaların seçkidən imtinasına münasibət bildirdi

Siyasət Materials 21 Sentyabr 2015 12:42 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası bəzi partiyaların noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməsi məsələsinə münasibət bildirib.
YAP bəzi partiyaların seçkidən imtinasına münasibət bildirdi

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyası bəzi partiyaların noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməsi məsələsinə münasibət bildirib.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend-ə bildirib ki, bəzi partiyaların seçkidən imtina etməsinin bir neçə səbəbi ola bilər: "Yeni Azərbaycan Partiyası namizədlərinin siyahısını açıqladıqdan sonra həmin dairələrdən namizədlərini elan etmiş bəzi partiyalar, təşkilatlar gördülər ki, o dairələrdən seçkidə daha güclü namizədlər iştirak edəcək. Yəni burada onların səs toplaması mümkün deyil. Bəzi təşkilatlar yerlərdə namizəd irəli sürməyə adam tapa bilmir və seçkidən imtina etməklə bunu ört-basdır etməyə çalışırlar".

S.Novruzov deputatlığa namizədlərə qarşı təzyiqlərin olması barədə səsləndirilən iddiaları əsassız hesab edir: "Məsələn, şəxs var ki, namizədliyini irəli sürüb, qardaşı 2 ay bundan əvvəl qızıl alveri üstündə məsuliyyətə cəlb olunub. İndi həmin şəxs bu hadisəni seçkilərlə bağlayır. Amma araşdırma göstərir ki, hadisə iki ay əvvəl, həmin şəxsin namizəd olması bəlli olmayan vaxtda baş verib, amma iddia edir ki, namizəd olduğuna görə qardaşı həbs olunub. Belə qondarma uydurmalar mövcuddur".

S.Novruzovun sözlərinə görə, ola bilər ki, bəziləri xarici qüvvələr tərəfindən şirnikləndirmə metodları ilə ələ alınıb, seçkiyə problem yaratmaq cəhdi göstərirlər: "Bunların heç biri seçkinin üzərinə kölgə sala bilməz. Seçki Məcəlləsində göstərilib ki, alternativlik olmalıdır. Bir dairədən iki namizəd irəli sürülürsə, burada artıq seçki baş tutmuş hesab olunur. Bu gün bütün dairələrdə alternativlik movcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti