...

Avropa Şurasının siyasi idiotizmi

Siyasət Materials 9 Oktyabr 2015 08:00 (UTC +04:00)
Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nın iştirakının ləğv olunması barədə qərarı gözlənilən idi
Avropa Şurasının siyasi idiotizmi

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nın iştirakının ləğv olunması barədə qərarı gözlənilən idi.

O səbəbdən ki, son aylar Qərbə bağlı təsisatlar, Almaniya Bundestaqı, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul ediblər. Avropa Şurası bu prosesdən nisbətən kənarda idi və Torbyorn Yaqland son qərarı ilə onlarla "həmrəylik" nümayiş etdirdi.

Əslində, qurum son mövqeyinin əksini etsəydi, təəccüblü olardı. Çünki Avropa Şurası müstəqil qərarlar vermək, hadisələrə obyektiv yanaşmaq iqtidarında deyil. Qurum son addımı ilə bir daha bunu təsdiq etdi. Avropa Şurası coğrafi baxımdan Avropanı əhatə etsə də, verdiyi qərarların sifarişi okeanın o tayından gəlir.

Torbyorn Yaqland yaydığı açıqlamada bildirir ki, rəhbərlik etdiyi təşkilatın işçi qrupunda iştirak etməkdə məqsədi hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqa nail olmaq olub: "Bu təşəbbüsə baxmayaraq, ölkədə insan haqları sahəsində vəziyyət ümumilikdə pisləşib. Son vaxtlar daha çox insan haqları fəalı həbs olunub. Avropa Şurası qəbuledilməz saxlanma şəraiti barədə narahatlıq doğuran məlumatlar alıb".

Avropa Şurasının "siyasi məhbuslar" siyahısına adlarını saldığı şəxslər - istər Xədicə İsmayılova olsun, istər İlqar Məmmədov, istərsə də digərləri, dəfələrlə elan ediblər ki, onların saxlanma şəraitindən narazılıqları yoxdur. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov dəfələrlə bəyan edib ki, həbsdə olan "siyasi məhbuslar"a qarşı heç bir işğəncə fakı qeydə alınmayıb. Məlum olur ki, Torbyorn Yaqland saxtakarlıq edir və mövqeyində subyektiv mülahizələrə söykənir.

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi, ATƏT-in parlament seçkilərini müşahidə etməkdən imtinası, Avropa Şurasının Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan çıxması... Şübhəsiz, bunlar təsadüfi deyil və ölkəmizlə bağlı ciddi planların olmasından xəbər verir.

Qarşıdan parlament seçkiləri gəlir. Seçkilərdə iştirak etmək istəyən və qanuni yolla imzalarını toplayıb, təhvil verən namizədlərin hamısı qeydə alınıb. Avropa Şurası seçkiləri müşahidə edəcək. Belə olduğu halda məcburdur ki, seçkilərin ədalətli keçiriləcəyinə dair rəy versin. Bunu etmək istəmədiyinə, daha doğrusu, aldığı sifarişin mahiyyətinə uyğun gəlmədiyinə görə, qabaqdan gəlmişlik etmək istəyir. Seçkiöncəsi işçi qrupundan çıxmaqla, seçkilərin subyektiv mülahizələr əsasında qiymətləndirilməsi üçün zəmin hazırlayır.

Torbyorn Yaqlandın qərarı öncədən hazırlanmış ssenarinin tərkib hissəsidir və o, əslində qərarın müəllifi yox, "Azərbaycan ssenarisi"ni yazanların sözçüsüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti