...

Fəzail Ağamalı: Prezident İlham Əliyevin qanunu pozanlara qarşı barışmaz mövqeyi ortadadır

Siyasət Materials 21 Oktyabr 2015 14:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısında söyləmiş olduğu qətiyyətli fikirlər Prezidentin siyasi iradəsinin ifadəsi kimi dərhal cəmiyyətdə qəbul edildi.
Fəzail Ağamalı: Prezident İlham Əliyevin qanunu pozanlara qarşı barışmaz mövqeyi ortadadır

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısında söyləmiş olduğu qətiyyətli fikirlər Prezidentin siyasi iradəsinin ifadəsi kimi dərhal cəmiyyətdə qəbul edildi". Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, hər kəsə bəlli idi ki, ölkə başçısının bu çıxışından sonra konkret addımlar atılacaq, özbaşınalığa yol verən, qanunları pozan, səlahiyyətlərindən sui-istifadə edərək insanları incidən, dövlətçiliyimizin güclənməsinə mane olan məmurlara qarşı çox qətiyyətli tədbirlər həyata keçiriləcək: "Bir neçə gün bundan əvvəl bu tədbirlərin konkret şahidi olduq. Milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb, həmin nazirliyin bir neçə yüksək rütbəli zabiti haqqında həbs-qətimkan tədbiri seçilib, istintaq başlayıb".

F.Ağamalı qeyd edib ki, bu tədbirlər göstərir ki, dövlət başçısı sahibkarlığa mane olanlara, rüşvətxorluq və korrupsiyanı adi həyat normasına çevirənlərə, insanları incidənlərə və səlahiyyətlərindən sui-istifadə edib dövlətçiliyimizin zəifləməsinə xidmət edənlərə qarşı sözün əsl mənasında sərt mübarizə aparır: "Onlara qarşı barışmaz mövqe artıq ortadadır və bundan sonra da əminəm ki, Prezidentin konkret addımlarının şahidi olacağıq. Hər kəs bundan nəticə çıxarmalı və səlahiyyətləri çərçivəsində Azərbaycana dövlətinə, xalqına xidmət etməlidir".

F.Ağamalı bildirib ki, Prezident İlham Əliyevin gördüyü bu işlər insanlar tərəfindən yüksək qiymətləndirilir və alqışlanır: "Mən parlament seçkiləri ilə bağlı vətəndaşlarla görüşlər keçirirəm. Bu görüşlərdə birmənalı olaraq xalqımız dövlət başçısını müdafiə edir, Prezidentlə bərabər olduqlarını nümayiş etdirir, ölkə başçısının atdığı addımları dəstəkləyir və alqışlayırlar. Bütün bunlar bir daha sübut edir ki, xalqımız Prezident İlham Əliyevlə bərabərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti