...

İlham Əliyev: Azərbaycanda məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır

Siyasət Materials 5 Noyabr 2015 01:02 (UTC +04:00)
Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir
İlham Əliyev: Azərbaycanda məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev bu sözləri noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki nitqində bildirib.

Dövlət başçısı bildirib ki, bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarıb:

"Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır.

Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır.

Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə "Elektron məhkəmə" informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcəkdir".

İlham Əliyev vurğulayıb ki, hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində "Elektron məhkəmə" informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır:

"Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.

Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir.

Əlbəttə, hər bir ölkədə problemlər də, qüsurlar da, mənfi hallar da var. Bəzi hallarda biz Azərbaycanda, Avropada mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni, biz də tənqidə açığıq və hər bir ölkə tənqidə açıq olmalıdır. Heç bir ölkə kamil deyil. Hər bir ölkədə qüsurlar, nöqsanlar var. Son vaxtlar Avropa qitəsində siyasi sahədə, beynəlxalq məsələlərin həllində çox ciddi səhvlər buraxılıbdır. Ancaq hesab edirəm ki, Avropa ölkələrində məhkəmə sistemi nümunə ola bilər. Burada biz bunu açıq deməliyik. Bu müsbət təcrübəni biz Azərbaycanda tətbiq etməliyik. Yəni, bu praktika göz qabağındadır. Burada heç bir şey icad etməyə ehtiyac yoxdur. Sadəcə olaraq işin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Eyni zamanda, bunu qanunvericilik də, Prezident tərəfindən imzalanan sərəncamlar da tənzimləyir. Əsas odur ki, bu, həyatda öz əksini tapsın. Bu qərarların düzgün icrası Azərbaycanda məhkəmə sisteminin şəffaflığını artıracaq və xoşagəlməz hallara qarşı bizim siyasətimizi daha da təsirli edəcək".

Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var:

"Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər.

Azərbaycanda yüzlərlə mətbu orqan, azad internet mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir. Sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. O, başqa məsələdir ki, bəzi siyasi qrupların mitinqlərinə 200-300 adam yığışır. Ancaq fakt budur ki, heç bir məhdudiyyət yoxdur".

Dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycan dünya miqyasında iqtisadi və sosial inkişafla bağlı seçilən ölkələrdəndir:

"Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər. Bütövlükdə builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. İqtisadiyyat artır, sosial layihələr, infrastruktur layihələri icra edilir, o cümlədən bu bölgədə. Bu gün Zaqatalada infrastruktur layihələrinin açılışını qeyd etmişik, Şəkidə, bütün bölgələrdə, bütün şəhər və rayonlarımızda tikinti-quruculuq işləri aparılır.

Bununla bərabər, beynəlxalq nüfuzumuz artır, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi öz rolunu oynayır. Bizim siyasətimizə çox böyük maraqla və rəğbətlə yanaşırlar. İlk növbədə ona görə ki, biz müstəqil xarici siyasət aparırıq və bizim siyasətimizin təməlində, bir daha demək istəyirəm, Azərbaycan xalqının iradəsi dayanır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür azalır. Ancaq buna baxmayaraq, biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır.

Bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. Yəni, bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir.

Ona görə Azərbaycanda aparılan işlər və gələcəkdə bizim planlarımızın reallaşması ölkəmizi daha da gücləndirəcəkdir. Mən gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmürəm. Bizim maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatlarımız var, bütün sosial layihələr - infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir.

Enerji sektorunda Azərbaycanın dünyadakı rolu getdikcə artmaqdadır və bu gün biz "Cənub" qaz dəhlizi kimi nəhəng layihəni - Avropanın bir nömrəli enerji layihəsini icra edirik və həm də liderlik göstəririk. Yəni, bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün cəmiyyətdə hələ ki, mövcud olan, bizi - iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır. Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir.

İslahatlar arasında onu da qeyd etməliyəm ki, hakimlərin maddi təminatı da son illər ərzində böyük dərəcədə yaxşılaşıbdır. Nəyə görə? Ona görə ki, normal yaşasınlar. Yəni, dövlət tərəfindən təminat yüksək səviyyədədir, imkan daxilində daha da artırılacaqdır. Məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan bu əngəllər aradan götürülsün.

Buna nail olmaq üçün çox güclü siyasi iradə var - dövlət tərəfindən göstərilən iradə. Eyni zamanda, çox böyük ictimai dəstək var - xalq tərəfindən göstərilən dəstək. O ki qaldı dövlət məmurlarına - vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaqdır".

İlham Əliyev vurğulayıb ki, son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır: "Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir.

Heç bir cəmiyyət kamil deyil. Hər bir ölkədə pozuntular var. Misal üçün inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.

Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir.

Ona görə də məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlar və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq. Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik.

Mən sizi bu gözəl hadisə - Şəki Məhkəmə Kompleksinin açılışı münasibətilə bir daha təbrik edirəm, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti