...

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 28 Noyabr 2015 13:47 (UTC +04:00)
Dövlət başçıları görüşdə çıxış etdilər.
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Bakı. Trend:

Noyabrın 28-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Belarus Prezidenti Aleksandr Lukaşenko dedi:

- Əziz İlham Heydər oğlu, icazə verin, bütün dünya və yəqin ki, xüsusən bizim üçün bu çətin vaxtda Sizi Belarusda salamlayım.

Sizin - bizim həmfikrimizin, mənim böyük dostumun, - Belarusda bunu bilirlər, - ümumiyyətlə, Belarus xalqının dostunun gəlişi mənə çox xoşdur. Sizi burada salamlamaq, ölkələrimiz üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür etmək istəyirəm.

Deməliyəm ki, biz Belarus-Azərbaycan münasibətləri ilə ciddi məşğul olmağa başlayanda əmtəə dövriyyəsi də artdı, müxtəlif problemli siyasi məsələlər də aradan qalxdı. Bizim şəxsi münasibətlərimiz elədir ki, Allah eləsin, hər bir rəhbərlə mənim münasibətim belə olsun. Ümumiyyətlə, biz bu niyyətdəyik və vaxtilə Sizinlə razılaşmışdıq ki, maksimum nəticə əldə etməyə çalışacağıq. Bununla belə, iqtisadi baxımdan bu çətin dövrdə biz əmtəə dövriyyəsini təxminən ən yaxşı vaxtlarda olduğu səviyyədə saxlayırıq. Hərçənd, bütün ölkələrlə bizim əmtəə dövriyyəsi xeyli azalıb. Buna görə də biz münasibətlərimiz üçün böyük işlər görmüşük, yaxşı təməl yaratmışıq. Biz hər il yüksək səviyyədə ünsiyyət təcrübəsi yaratmışıq - bir il bizdə, o biri il sizdə. Ümidvaram ki, hər şey normal olacaq və gələn dəfə mən Sizin ölkəyə, günəşli gözəl Bakı şəhərinə səfərə gələ biləcəyəm. Bütün sahələrdə bizimlə əməkdaşlıq etdiyinizə görə sağ olun.

Bir daha bəyan etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç bir ehtiyatlanmalı və qapalı mövzu yoxdur. Bizim Sizinlə əməkdaşlığımız Belarusda vilayətin vilayətlə əməkdaşlığı kimidir. Bizim əməkdaşlığımız bu səviyyədədir. Əgər bu, kimlərinsə xoşuna gəlmirsə, bu, onların problemidir. Bizdə qadağan edilmiş mövzular yoxdur. Buna görə də Siz Belarusa həmişə bel bağlaya bilərsiniz. Bir daha vurğulamaq istəyirəm ki, çətin vaxtda Sizin heç nəyə baxmadan bizə kömək etməyinizi heç vaxt unutmuruq. Nə vaxtsa məsələləri bir neçə günün içində dostcasına necə həll etməyin lazım olduğunu təfərrüatı ilə danışmaq mümkün olacaq, o cümlədən böyük maliyyə məsələlərini. Biz həmişə sözümüzə əməl edən adamlar olmuşuq. Siz buna bir daha əmin oldunuz. Amma buna baxmayaraq, xüsusən çətin dövrdə göstərdiyiniz dəstəyə və köməyə görə Sizə çox minnətdaram.

Sizə arzum budur ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan, onun xalqı həmişə ucada olsun və əgər hər hansı problemlərlə üzləşərsə, onları aradan qaldırsın. Bilin ki, burada Sizin dostlarınız var.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Çox sağ olun, əziz Aleksandr Qriqoryeviç. Ölkəmiz haqqında xoş sözlərinizə görə sağ olun.

Mən, ilk növbədə, qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Belarusa səfər etməyə həmişə çox şadam. Son illərdə Sizin rəhbərliyiniz ilə ölkənizin qazandığı uğurlara sevinirəm. Minskin necə müasir, gözəl, inkişaf etmiş şəhərə çevrilməsi buna əyani sübutdur. Əminəm ki, burada yaşamaq, işləmək və qurub yaratmaq insanlara xoşdur. Belarus coşqun iqtisadi inkişaf yolundadır. Sizin ölkənizdə sosial rifah məsələləri fəal həll edilir. Sizin qeyd etdiyiniz kimi, indi bütün ölkələr üçün çətin vaxtdır. Buna baxmayaraq, Belarus müsbət inkişaf dinamikasını qoruyub saxlayır, ictimai-siyasi sabitlik təmin edilir. Hərçənd, biz hamımız iqtisadi böhrana məruz qalırıq. Buna baxmayaraq, Belarus bu təzahürə daha az məruz qalan ölkələrdən biridir.

Bizim münasibətlərimiz möhkəm dostluğa əsaslanır. Bu dostluq artıq illərin sınağından çıxıb. Sizin qeyd etdiyiniz kimi, biz fəal qarşılıqlı əlaqə yaratmağa başlayanda bir-birimizi o qədər də yaxşı tanımırdıq. Lakin son illərdə rəsmi səviyyədə prezidentlərin, digər qurumların rəhbərlərinin bir neçə səfəri baş tutub. Əlbəttə, gələn il Sizi yenə də Azərbaycanda rəsmi səfərdə qəbul etməyə çox şad olaram, ona görə ki, müzakirə edilməli mövzular çoxdur. Əvvəla, hər bir səfər bizim münasibətlərimizin strateji xarakterinin bir daha siyasi təsdiqidir. İkincisi, biz bütün istiqamətlər üzrə - həm siyasi sahədə, həm xarici siyasət, iqtisadiyyat, sənaye sahələrində bir çox məsələləri həll edirik. Bizdə də Belarusla əməkdaşlıq məsələləri ilə bağlı heç bir məhdudiyyət yoxdur və bütün istiqamətlər üzrə çox müsbət dinamika, nəticələr görürük. Fəal qarşılıqlı əlaqə saxladığımız bu on ildə biz Belarus xalqını, onun açıq, xeyirxah, sədaqətli, səmimi xarakterini yaxından tanıdıq. İnanın ki, bütün bu epitetləri mən sözgəlişi demirəm. Bunu mən də, belaruslarla ünsiyyətdə olmuş və olan hər bir vətəndaşımız da hiss edir. Bu, Sizin ölkənizin böyük sərvətidir. Mən Azərbaycan xalqı adından Sizə yeni uğurlar, yeni nailiyyətlər arzu etmək istəyirəm. Biz də dost kimi həmişə yanınızda olacağıq, Sizin uğurlarınıza həmişə sevinəcəyik. Qonaqpərvərliyə görə bir daha sağ olun.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti