...

Sankt-Peterburqda Həmrəylik Günü münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 29 Dekabr 2015 19:16 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə “Lesnaya skazka” Azərbaycan milli mətbəx mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Sankt-Peterburqda Həmrəylik Günü münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə "Lesnaya skazka" Azərbaycan milli mətbəx mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Sankt-Peterburqda təhsil alan tələbələrimiz, Türkiyənin baş konsulu Kazım Çavuşoğlu, Sankt-Peterburq Qanunverici məclisinin deputatları, incəsənət xadimləri, KİV nümayəndələri və Baş konsulluğun diplomatları iştirak ediblər.

Bir neçə hissədən ibarət tədbirdə, həmçinin tələbələr arasında Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunmuş viktorina keçirilib, istedadlı gənclərimizin ifasında milli mahnılar və rəqslər ifa edilib, tədbir iştirakçılarına Azərbaycan mətbəxi nümunələrindən ibarət ziyafət verilib.

Tədbirin açılışında çıxış edən baş konsul Elşad Qulamov iştirakçıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilmiş tarixi qərarların Azərbaycan xalqının birlik ideyasını təcəssüm etdiyini vurğulayıb. Diplomat ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tövsiyəsini xüsusilə qeyd edib, Azərbaycanın inkişaf kursunun uğurla davam etdiyini bildirib.

Tədbirin davamında çıxış edən Sankt-Peterburqun Qanunverici məclisinin deputatı Sergey Troxmanenko, "Smolnıy Universiteti" elmi-təhsil konsorsiumunun prezidenti Heydər İmanov, "Sankt-Peterburqun Azərbaycan diasporu" ictimai təşkilatının sədri, Vvedenski bələdiyyə dairəsinin deputatı Sabir Məsimov, Türkiyənin Sankt-Peterburqdakı baş konsulu K.Çavuşoğlu iştirakçıları Həmrəylik Günü münasibətilə təbrik ediblər.

Tədbirin davamında tələbələrimiz arasında Azərbaycan tarixi, dövlət rəmzləri və mədəniyyəti mövzusunda viktorina keçirilib. Qaliblər Baş konsulluq tərəfindən mükafatlarla təltif ediliblər.

Tədbir əsnasında istedadlı gənclərimiz Azərbaycana həsr olunmuş şeirlər oxuyub, vətənpərvər mövzularda mahnılar və milli rəqslər ifa ediblər. Tədbirdə fəal iştirak edən tələbələrə Baş konsulluq adından hədiyyələrlə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti