...

BAXCP sədrinin müavini: Əli Kərimlinin fəaliyyəti yalnız xəyanət etmək olub

Siyasət Materials 5 Fevral 2016 16:18 (UTC +04:00)
Əli Kərimlinin bütün fəaliyyəti yalnız siyasi liderinə və dostlarına xəyanət etməkdən ibarət olub.
BAXCP sədrinin müavini: Əli Kərimlinin fəaliyyəti yalnız xəyanət etmək olub

Bakı. Elçin Mehdiyev - Trend:

Əli Kərimlinin bütün fəaliyyəti yalnız siyasi liderinə və dostlarına xəyanət etməkdən ibarət olub. Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Ə.Kərimlinin ən böyük xəyanəti Azərbaycanın milli və dövlət maraqlarına olub: "Əli Kərimlinin xəyanətləri ilə bağlı kifayət qədər fakt var. Onun həm hakimiyyətə, həm də xarici təşkilatlara məlumat ötürməsi ilə bağlı faktların sayı yetərincədir. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Vaxtilə mərhum prezident Heydər Əliyev və Ermənistan prezidenti arasında görüş öncəsi Azərbaycana təzyiqlər olduğu üçün müxalifət Azərbaycanın milli maraqlarından çıxış etmək məqsədilə mitinq çağırmışdı və həmin mitinq ərəfəsində ABŞ-ın Azərbaycanda o zamankı səfiri bir sıra müxalifət partiyalarının rəhbərlərini görüşə dəvət etmişdi. Partiya sədrinin birinci müavini kimi həmin görüşdə Əli Kərimli də iştirak edirdi. Azərbaycanın maraqlarının müdafiəsi ilə bağlı mitinqin təxirə salınmasına, keçirilməməsinə çalışan insanlardan biri idi".

E.Mirzəbəyli əlavə edib ki, vaxtilə Əbülfəz Elçibəyin otağından dinləyici qurğu tapılmışdı: "Həmin vaxt orada işi icra edən fəhlələr də dinləyici qurğuya gələn xəttin bir ucunun Əli Kərimlinin otağına getdiyinin şahidi olmuşdular. Bu, hər kəsin gözü önündə baş verən faktdır. Əbülfəz Elçibəy ağır xəstə olduğu dövrlərdə onun əleyhinə müxtəlif mətbuat orqanlarında sifarişli yazılar yazdıran və heç bir etik normalara uyğun olmayan məlumatlar yayan da məhz Əli Kərimli idi. Daha bir məqam odur ki, Əli Kərimli 2005-ci ildə parlament seçkilərinə getməyəcəyi barədə öhdəlik götürdü, daha sonra digər siyasi partiyaların, o cümlədən Müsavat Partiyasının parlamentə getməməsi üçün cəhd göstərdi və nəticə etibarilə özü parlamentdə təmsil olundu və beləliklə, öz öhdəliyindən imtina etdi. Əli Kərimlinin bu kimi əməlləri ilə bağlı çoxsaylı faktları sadalamaq olar".

BAXCP-nin sədr müavini əlavə edib ki, Ə.Kərimlinin belə əməlləri bu gün də davam edir: "Diqqət yetirsəniz görərsiniz ki, vaxtilə AXCP-nin rəyasət heyətində təmsil olunan insanların heç biri bu gün Əli Kərimlinin yanında deyil. Faktiki olaraq hər kəsin Əli Kərimlinin ünvanına səsləndirdiyi konkret bir ittiham olub. Çünki bu insan hamıya xəyanət edib, başqalarının həyatını öz maraqlarına qurban verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti