...

Prezident İlham Əliyev Tovuzda avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 16 Fevral 2016 19:36 (UTC +04:00)
Yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min nəfərə xidmət edəcək
Prezident İlham Əliyev Tovuzda avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

Regionların 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Bu, həm də regionlarda hərtərəfli iqtisadi və sosial inkişafa təkan verir.

Dövlətimizin başçısı görülmüş işləri əks etdirən stendlərə baxdı.

Azərbaycan Prezidentinə avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, dövlətimizin başçısının 2014-cü il 20 avqust tarixli Sərəncamı ilə Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun inşasına Azərbaycan Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə tikintinin başlanması üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ümumi uzunluğu 33,8 kilometr olan avtomobil yolunun tikintisinə 2014-cü ilin oktyabrında başlanıb. Yolun tikintisini davam etdirmək məqsədilə Prezidentin 2015-ci il 1 iyul tarixli Sərəncamına əsasən dövlət büdcəsindən yenidən müvafiq maliyyə vəsaiti ayrılıb. Tikinti işləri yüksək standartlar səviyyəsində həyata keçirilib.

Məlumat verildi ki, üçüncü dərəcəli avtomobil yolunun eni 7, yol çiyinlərinin eni isə 2,5 metrdir. Yolun ərazisində 5 su keçidi quraşdırılıb, 2 körpü əsaslı təmir edilib. Yolun yenidən qurulması layihəsi ilə yanaşı, yolboyu yaşayış məntəqələrinin giriş və daxili yollarında da xeyli iş görülüb.

Qeyd olundu ki, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir. Avtomobil yolu rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdırmağa, həmçinin iqtisadiyyatın və turizmin inkişafına mühüm töhfə verəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti