...

Siyasi ekspert: Azərbaycan xalqı öz müstəqilliyini qorumağı və öz liderinin ətrafında birləşməyi bacarır

Siyasət Materials 28 May 2016 12:35 (UTC +04:00)
Prezident İlham Əliyevin 28 May - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında çox vacib nüanslar vardı.
Siyasi ekspert: Azərbaycan xalqı öz müstəqilliyini qorumağı və öz liderinin ətrafında birləşməyi bacarır

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin 28 May - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında çox vacib nüanslar vardı. Bunu Trend-ə açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, dövlət başçısının çıxışında diqqət çəkən ən vacib məqamlardan biri ölkənin təhlükəsizliyi ilə bağlı idi: "Cənab Prezident çıxışında xüsusilə qeyd etdi ki, Azərbaycanda bundan sonra da təhlükəsizlik və sabitlik təmin edilməlidir. Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Prezident vurğuladı ki, Azərbaycan xalqı sabitliyin möhkəmlənməsini, Azərbaycanın daha da güclənməsini istəyir. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın müstəqilliyinin də qarantı odur və Azərbaycan xalqıdır".

Ekspert deyib ki, bu gün təhlükəsizlik məsələsində Azərbaycana qarşı qısqanclıqlar var və bu məsələyə ikili standartlarla yanaşma mövcuddur: "Bu proses dünən, bu gün yox, əvvəllər də özünü göstərib. Dünya sanki Azərbaycanda mikroskopla demokratik dəyərlər axtarır. Amma, gəlin, dünyada baş verən proseslərə baxaq. Cənab Prezident çıxışında bildirdi ki, müxtəlif dövlətlərdə insan haqları pozulur. Hətta dünyanın demokratiya beşiyi sayılan dövlətlərdə insan haqları hər addımbaşı pozulur. Eyni zamanda söz və mətbuat azadlığı pozulur, insanlara qarşı haqsızlıqlar baş verir, faktiki şəkildə kütləvi olaraq insanlar ölür. Dünyada kütləvi şəkildə insan haqları pozulduğu halda, bunlar Azərbaycanda demokratiya axtarışındadırlar".

B.Quliyev qeyd edib ki, Azərbaycanın Konstitusiyası tam demokratikdir: "Və deyə bilərəm ki, dünyanın qəbul etdiyi maddələr Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Konstitusiyadan irəli gələn, Milli Məclisin qəbul etdiyi qanunlar, eyni zamanda verilən qərarların hər biri insan azadlığı, söz və mətbuat azadlığını, fikir plüralizmini özündə ehtiva edir. Hesab edirəm ki, bu gün Azərbaycanda kifayət qədər demokratik dəyərlər və demokratik qanunlar var".

Siyasi ekspert bildirib ki, hansısa bir ölkə guya demokratik dəyərlərin, insan haqlarının pozulması adı ilə Azərbaycana təsirlər etmək istəyir: "Amma bu əsassızdır. Azərbaycan xalqı öz liderini seçib və bu gün liderlik və xalq amili bir-birini bağlayır, Azərbaycan müstəqil siyasət yürüdür. Məhz bir sıra qüvvələrin də qəbul etmədiyi müstəqil siyasətdir. Ona görə də bəzi məqamlarda Azərbaycana qarşı təzyiqlər olur. Amma bu faktdır ki, Azərbaycan xalqı öz müstəqilliyini qazanıb, onu qorumağı və öz liderinin ətrafında birləşməyi bacarır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti