Bəxtiyar Hacıyev – Trend:
Son vaxtlarda Azərbaycana qarşı təzyiqlər yenidən artıb. ABŞ, Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə, qarşıdurma yaratmağa, ölkənin imicini ləkələməyə çalışır, radikal müxalifət isə xainlik edərək antiazərbaycan dairələrinin sifarişlərini yerinə yetirir.
Bilik Günündə Bakıda müəllim və şagird kollektivi ilə görüşdə Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycanın işinə qarışmaq istəyənlərin sayı az deyil:
"Bu illər ərzində müxtəlif dövrlərdə Azərbaycanın işinə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar”.

Dünyada münaqişələrin artdığı, hər gün terror aktlarının törədildiyi bir vaxtda Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Görünür, bu da elə Azərbaycana yaxın olan regionu – Suriya və İraqı xarabazara çevirən qüvvələri qıcıqlandırır.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında bu məqamlar da diqqətdən kənarda qalmadı:
“Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir”.
Əslində, Azərbaycana qarşı ara-sıra artan təzyiqlərin səbəbi heç kimə sirr deyil. Səbəb odur ki, Azərbaycan inkişaf edir, heç bir ölkədən yardım almır, əksinə, yardıma ehtiyacı olan ölkələrdən köməyini əsirgəmir, heç bir ölkənin diktəsi ilə oturub-durmur. Və bütün bunlar dünyada hökmranlıq etmək istəyən qüvvələrə sərf etmir. Dövlət başçısı vurğulayıb:
“Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz”.
Bu gün Azərbaycan həqiqətən də güclü dövlətlər sırasındadır, dünya miqyasında sayılıb-seçilən ölkələrdəndir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan öz daxili imkanları hesabına arxalanaraq irəliyə gedir:
“Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır”.
Bu gün hər bir azərbaycanlı ölkəmizdə sabitliyin, təhlükəsizliyin qədrini bilməlidir. Hər bir Azərbaycan vətəndaşı artan təxribatlara uymamalı, ilk növbədə, vətəndaşlıq mövqeyindən çıxış edərək müstəqilliyimizin qorunmasına öz töhfəsini verməlidir. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır:
"Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik... Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir"
Əminliklə demək olar ki, bütün bu təzyiqlər, icrasına cəhd edilən sifarişlər bu dəfə də boşa çıxacaq, Azərbaycanda sabitlik hökm sürəcək, ölkə daha da inkişaf edəcək. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars, TANAP kimi iri layihələrin istismara verilməsi nəticəsində isə Azərbaycanın regionda mövqeyi bir qədər də güclənəcək, ölkə əhalisinin yaşayış səviyyəsi daha da yüksələcək.