...

Səfir: Atəşgah məbədi Azərbaycan-Hindistan əlaqələrinin qədimdən bəri mövcudluğunu sübut edir

Siyasət Materials 6 Oktyabr 2016 09:08 (UTC +04:00)
AMEA Rəyasət Heyətində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüş keçirilib.
Səfir: Atəşgah məbədi Azərbaycan-Hindistan əlaqələrinin qədimdən bəri mövcudluğunu sübut edir

Bakı. Trend:

AMEA Rəyasət Heyətində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüş keçirilib.

Trend-ə AMEA-dan verilən məlumatda qeyd olunur ki, əsas məqsəd iki ölkə arasında elm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, o cümlədən birgə elmi tədqiqat laboratoriyalarının yaradılması ilə bağlı fikir mübadiləsinin aparılması idi.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə öncə qonağı salamlayaraq Hindistan ilə Azərbaycan arasında hələ qədim dövrlərdən müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi.

Akademik müasir dövrdə bütün dünyada informasiya-kommunikasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini, Hindistan alimlərinin də bu sahədə kifayət qədər təcrübələri olduğunu bildirdi. A.Əlizadə Hindistanda proqramlaşdırma sahəsində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayaraq, iki ölkə arasında bu sahədə təcrübə mübadiləsinin aparılmasının, yüksəkixtisaslı kadrların hazırlanmasının zəruriliyini qeyd etdi. Alim Azərbaycan və Hindistan arasında humanitar sahədə də əməkdaşlığın inkişafının vacibliyini önə çəkərək bu istiqamətdə birgə elmi tədqiqat işlərinin aparılmasının hər iki ölkə üçün əhəmiyyət daşıdığını dedi.

A.Əlizadə qonağa AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu barədə məlumat verərək bu qurumda İKT üzrə mühüm layihələrin həyata keçirildiyini, prioritet elmi istiqamətlərdə araşdırmaların aparıldığını bildirdi. Hindistan alimlərini bu institutla ortaq layihələrdə iştirak etməyə dəvət etdi. Həmçinin müvafiq sahələrdə birgə elmi tədqiqat laboratoriyaların yaradılmasının vacib məsələlərdən olduğunu vurğuladı. Bildirdi ki, bu əlaqələr təkcə Hindistan və Azərbaycan deyil, həm də bütövlükdə dünya elminin inkişafı yönündə mühüm əhəmiyyət kəsb edir.

Sonra Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana çıxış edərək AMEA-nın Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirdi. Ortaq mədəniyyətə malik iki ölkə arasında uzun illər mövcud olan əməkdaşlıq əlaqələrinin bundan sonra elm sahəsində davam etdirilərək daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Səfir Bakı şəhəri yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş Atəşgah məbədinin Azərbaycan-Hindistan əlaqələrinin qədimdən bəri mövcudluğunun sübutu olduğunu qeyd etdi. O, iki ölkə arasında biznes əlaqələrinin də inkişaf etdiyini, Hindistanın Azəri-Çıraq-Günəşli yatağına, o cümlədən Bakı-Tiblisi-Ərzurum boru kəmərlərinin istismarına sərmayə yatırdıqlarını diqqətə çatdırdı. Şahdəniz-2 layihəsinin borularının döşənməsində Hindistan şirkətlərinin fəal iştirak etdiklərini vurğuladı.

Qonaq yaxın vaxtlarda keçiriləcək “Asiyanın ürəyi” adlı konfrans haqqında AMEA prezidentinə məlumat verərək, ölkəmizi də bu tədbirdə iştirak etməyə dəvət etdi.

Sonda A.Əlizadə səfirə AMEA-nın çoxşaxəli fəaliyyətini əks etdirən xatirə hədiyyələrini təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti