...

Azay Quliyev Monteneqro seçkiləri ilə bağlı ATƏT PA-nın rəsmi rəyini açıqladı

Siyasət Materials 17 Oktyabr 2016 20:07 (UTC +04:00)
ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri Azay Quliyev bu gün Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən mətbuat konfransında 16 oktyabr parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib.
Azay Quliyev Monteneqro seçkiləri ilə bağlı ATƏT PA-nın rəsmi rəyini açıqladı

Bakı-Trend:

ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri Azay Quliyev bu gün Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən mətbuat konfransında 16 oktyabr parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib. Trend-in məlumatına görə, bu barədə Monteneqronun tanınmış KİV dan.co.me məlumat yayıb.

Məlumatda deyilir ki, A.Quliyev ATƏT PA-dan 50-yə yaxın şəxsin seçkiləri müşahidə etdiyini və seçkilərin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib: “Seçkilərdə Monteneqro xalqı demokratiyaya və sabitliyə səs verdi və bu istiqamətdə qətiyyətli iradə nümayiş etdirdi. Ölkə vətəndaşları seçkilər zamanı alternativ və geniş seçim imkanı əldə etdilər. Lakin bununla yanaşı hesab edirəm ki, seçkilərin idarəedilməsində və medianın peşəkar fəaliyyətinin təmin olunmasında bir sıra problemlər yaşandı”.

Seçki idarəedilməsi haqda daha ətraflı danışan A.Quliyev xüsusi olaraq qeyd edib ki, Dövlət Seçki Komissiyası (DSK) bütün hüquqi prosedurların ardıcıllığına riayət edib. Lakin DSK-nın səlahiyyətlərinin genişləndirilməsinə baxmayaraq, seçkilərin təşkil olunmasında rəhbərlik səviyyəsində gözlənilən peşəkarlıq nümayiş olunmayıb.

A.Quliyev Monteneqronun media mühiti haqda deyib ki, plüral və müxtəlif mövqelərin əks olunduğuna baxmayaraq, mediada siyasi qütbləşmə mövcuddur: “Dərc olunan materiallarda araşdırmaçı yazıların və müəllif müstəqilliyinin azlığı hiss edilir. Bu səbəbdən də oxucular daha keyfiyyətli məlumatların əldə olunmasında çətinlik çəkirlər”.

A.Quliyev gənclərin seçki aktivliyindən məmnunluq ifadə edib: “Mən, dünən çoxlu sayda gəncin seçki məntəqələrində boyük həvəslə, aktiv iştirakını gördüm və bundan məmnunluğumu bildirmək istərdim. Hesab edirəm ki, gənclərin aktiv iştirakının ölkələrinin demokratik inkişafında mühüm rolu olacaqdır”.

Çıxışının yekununda ATƏT PA missiya rəhbəri göstərilən qonaqpərvərliyə və əməkdaşlığa görə Monteneqro xalqına və ölkə rəhbərliyinə dərin və səmimi minnətdarlığını bildirib.

Sonda A.Quliyev jurnalistləri maraqlandıran suallara cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti