...

Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubunda təqdimatla çıxış edib (FOTO)

Siyasət Materials 21 Oktyabr 2016 16:16 (UTC +04:00)
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubu qarşısında mövzu üzrə təqdimatla çıxış edib.
Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubunda təqdimatla çıxış edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidentinin 2016-cı il 11 mart tarixli sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, 20 oktyabrda Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubu qarşısında mövzu üzrə təqdimatla çıxış edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, təqdimat zamanı F.İsgəndərov Klub iştirakçılarına Azərbaycanda mövcud olan çoxəsrlik dözümlülük mühiti, ölkəmizin sivilizasiyaların kəsişdiyi məkanda tutduğu mövqe, beynəlxalq müstəvidə mədəniyyət və dinlərarası dialoqa verdiyi töhfə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Səfir habelə, ölkəmizin geosiyasi mövqeyi, regionda baş verən proseslər və bu proseslərin ölkəmizə təsirindən bəhs edib, Azərbaycanın tarixi, eləcə də müasir dövlətçiliyinin keçməkdə olduğu inkişaf yolu haqqında ətraflı danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçıları məlumatlandıran səfir münaqişənin tezliklə sülh yolu ilə həll ediləcəyinə inamıni ifadə edib. O habelə, ölkəmizin iqtisadi potensialı, iştirak etdiyi beynəlxalq enerji və infrastruktur layihələri, Bakının ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlər, eləcə də ölkəmizin turizm imkanlarına toxunub.

Təqdimatdan sonra Klub üzvlərinin Azərbaycanda mövcud olan multikulturalizm mühiti, təhsil sistemi, milli iqtisadiyyatın müxtəlif sahələri, ölkəmizə səyahət imkanları barədə sualları cavablandırılıb.

Daha sonra Azərbaycanla bağlı film nümayiş etdirilib.

Qeyd edək ki, Beynəlxalq Qadınlar Klubu bir çox Avropa ölkələrində fəaliyyət göstərir. Brüssel Beynəlxalq Qadınlar Klubu 1981-ci ildən yaradılıb. Üzvləri arasında müxtəlif ölkələrdən olan qadınların təmsil olunmasına diqqət edilir. Klub xeyriyyə tədbirlərinin təşkili də daxil olmaqla müxtəlif sosial fəaliyyətlər həyata keçirir, müxtəlif dərnək və kurslar, eləcə də tanışlıq məqsədilə Belçikanın daxilinə və xarici ölkələrə səfərlər təşkil edir.

Təqdimat iştirakçılar arasında maraqla qarşılanıb, növbəti ildə Klubun tanışlıq səfərlərindən birinin Azərbaycana təşkil edilməsi məsələsi müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti