...

Əli Həsənov: Gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil edir

Siyasət Materials 10 Noyabr 2016 12:59 (UTC +04:00)
Bu gün Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı öz işinə başlayıb.
Əli Həsənov: Gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil edir

Bakı. Samir Əli - Trend:

Bu gün Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı öz işinə başlayıb.

Trend-in məlumatına görə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Ə.Həsənov gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəallığını yüksək qiymətləndirib.

Ə.Həsənov qeyd edib: "Müstəqilliyimizin 25 illik yubileyi, 25 ildə keçdiyimiz inkişaf yolu bir neçə aydır ki, ayrı-ayrı tədbirlərdə, toplantılarda müzakirə olunur. Bunların ən zirvəsi Heydər Əliyev Mərkəzində keçirilən tədbir oldu. Həmin tədbirdə Azərbaycanın 25 illik inkişafı ilə bağlı cənab Prezidentin proqram xarakterli, keçdiyimiz bütün inkişaf yolunu geniş təhlil edən və gələcək hədəflərimizi, prioritetlərimizi, gələcək siyasətimizin əsas istiqamətlərini müəyyən edən çıxışını dinlədik. Həmin çıxışda Azərbaycan gəncliyinə və gənclər siyasətinə də toxunuldu".

Prezidentin köməkçisi bildirib ki, indiki mərasimdə iştirak edən gənclərə baxaraq əminliklə söyləmək olar ki, Azərbaycanın gənclərlə bağlı gələcəyinə baxış bizdə optimist əhvali-ruhiyyə yaradır: "Biz 90-cı illərin əvvəllərindəki gəncliklə indiki gəncliyi müqayisə etsək görərik ki, bu iki dövrdəki gənclik arasında yerlə göy qədər fərq var. Azərbaycan gəncləri 25 ildə xeyli uğurlara imza atıblar. Gənclər dövlət quruculuğu prosesində aktiv iştirak edirlər".

Ə.Həsənov deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan gəncliyi faktiki olaraq ambisiyalı siyasətin girovuna çevrilərək hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu: "Gənclik milli, sinfi və digər ideoloji baxışlarına görə bir-birinə qarşı qoyulmuşdu. Azərbaycan gəncliyi dövlətimizin, xalqımızın problemlərinin altına çiyin vermək əvəzinə, ayrı-ayrı insanların hakimiyyətə gəlmək ambisiyasının girovuna çevrilmişdi. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dayanırdı. 1993-cü ilin avqust ayrında parlamentin sədri seçilən Heydər Əliyevin parlamentdə Azərbaycan gəncləri ilə görüşündə ilk dəfə idi ki, Azərbaycan gəncliyinin mövcud vəziyyəti və ölkənin gələcəyində onların təmsil olunmasının əsas prinsipləri müzakirə olundu. O görüşdən sonra Heydər Əliyev Azərbaycanda gənclər və idman sahəsi ilə məşğul olan ayrıca qurum - Gənclər və İdman Nazirliyini yaratdı. Yəni gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biri oldu. Daha sonra gənclər günü təsis edildi, müxtəlif dövlət proqramları hazırlandı”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan gəncliyi həm də dünyada mövcud olan elm, təhsil və texnologiyanın inkişafının əsas trendlərinə malik olmalı və onlara yiyələnməlidir: "Azərbaycan gəncliyi dünyada rəqabətə davamlı olmalıdır. Azərbaycan gəncliyi dünya gənclərinin bütün sahələr üzrə əldə etdiyi nailiyyətləri mənimsəməli və ölkəmizə gətirməlidir".

Azərbaycan dövlətinin gənclərin təhsil siyasətinə xüsusi dəstək göstərdiyini deyən Prezident köməkçisi bildirib ki, bizim gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil də edir: “Müstəqillik illərində yetişib formalaşan gənclər xarici dilləri, xarici texnologiyaları öyrəniblər, bütün texnoloji və innovativ nailiyyətlərə yiyələniblər. Bu gəncliklə biz gələcəyə ümidlə baxa bilərik və baxırıq da. Bu gün dövlət quruculuğu sistemimizdə, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsi bir araya gəlməsi dövlətin gücünü təşkil edir”.

Bu gün dövlət qurumlarında çalışanların əksəriyyətinin gənclər olduğunu deyən Ə.Həsənov qeyd edib ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər sırasında gənclər siyasətində əldə olunan nailiyyətləri də əlavə etmək lazımdır.

Sonra gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər şəxslər çıxışlar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti