...

"İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" kitabının təqdimatı keçirilib (FOTO) (YENİLƏNİB-2)

Siyasət Materials 30 Noyabr 2016 16:19 (UTC +04:00)
Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimatı keçirilib.
"İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" kitabının təqdimatı keçirilib (FOTO) (YENİLƏNİB-2)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə kitabın əhəmiyyətindən danışıb. O qeyd edib ki, E.Axundova kitabda qarşıya qoyulan məqsədin öhdəsindən uğurla gəlib, öz qələmi ilə Prezidentin orjinal portretini yarada bilib.

A.Əlizadə bildirib ki, bu əsərin dilinin bədiiliyi, sadə obrazı, kitabda çoxsaylı sənədlərin istifadəsi, müsahibələrin, qaynaqların olması kitabın əhəmiyyətini daha da artırır.

AMEA prezidenti vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkə iqtisadiyyatında keçid dövrü başa çatıb, Azərbaycanın strateji mövqeyi möhkəmlənib, müdafiə qabiliyyəti güclənib və Azərbaycan regionun lider dövlətinə çevrilib: “Ölkəmizdəki bu dəyişiklikləri və hərtərəfli inkişafı müşahidə edərkən mən bir daha əmin oluram ki, Azərbaycan xalqı nə qədər düzgün seçim edib. Azərbaycanı intellektli və işıqlı gələcəyə aparan yeganə qüvvə cənab Prezident İlham Əliyevdir”.

A.Əlizadə bildirib ki, hazırda dünyada iqtisadi və siyasi böhranın müşahidə olunduğu bir şəraitdə Azərbaycan bu risklərdən qorunur, ölkəmizdə sabitlik möhkəmlənir, sosial-iqtisadi inkişaf davam edir və Azərbaycanda multikultural bir mühit yaranıb: “Kitabda bu məqamlar geniş əks olunub. Bu kitab Azərbaycan həqiqətlərinin rüs dili vasitəsilə dünyada tanıdılmasına böyük töhfə verəcək. Bu əsərin ingilis və dünyanın aparıcı xalqlarının dillərində nəşr edib yayılması faydalı olardı”.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət İidarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov qeyd edib ki, E.Axundovanın qələmə aldığı bu kitab Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti və Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri dolğun şəkildə əks etdirir.

U.Ələkbərov bildirib ki, bu əsər gələcək araşdırmalar üçün çox etibarlı bir mənbə hesab edilə bilər: “Azərbaycanın əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin strateji qələbəsi kimi qeyd edilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və Azərbaycanın davamlı və hərtərəfli inkişafını sürətləndirən layihələr həm milli maraqlara xidmət edir, həm də regional və qlobal inkişafa yönəlir. Azərbaycanda qəbul edilən bir sıra qərarlar qlobal səviyyədə qəbul edilən qərarları qabaqlayır”.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Musa Quliyev, Mixail Zabelin, Rasim Musabəyov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasət və ölkəmizin inkişafı barədə danışıblar, görülən işlərin, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında kitabın əhəmiyyətindən bəhs ediblər.

Daha sonra çıxış edən müəllif Elmira Axundova bildirib ki, bu kitabın yazılmasında məqsəd Azərbaycan və onun rəhbəri haqqında daha geniş xarici auditoriyaya məlumat verməkdir.

E.Axundova deyib ki, Rusiyanın ən böyük nəşriyyatlarından biri bu kitabın çapına razılıq verib və özləri də bu kitabı böyük tirajla çap edərək Rusiya şəhərlərində yayırlar: "Moskvada beynəlxalq intellektual ədəbiyyat sərgisi keçirilib və bu kitab nəşriyyatın ən yaxşı kitabı kimi dəyərləndirilib. Bir neçə xarici nəşriyyat artıq bu kitabla maraqlanır".

E.Axundova bu kitabın ərsəyə gəlməsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Meydiyevə minnətdarlığını bildirib:

"Mən Ramiz müəllimə bu kitabın ideya müəllifi deyərdim. 2013-cü ildə Ramiz müəllimin çox maraqlı bir kitabı çıxmışdı. "Azərbaycanı dəyişmiş 10 il (2003-2013)" adlı bu kitabdan sonra fikirləşməyə başladım ki, bəlkə mən də bu 10 ili təhlil edə bilərəm. Ramiz müəllim kitabda həmin 10 ilə alim kimi yanaşmışdı, amma mən bir yazıçı kimi yanaşdım. Hərdən Ramiz müəllimə deyirdim ki, siz alimsiniz, amma bizlərdən də cəsarətlisiniz. Sizin dediyiniz o cəsarətli sözləri mən deyə bilməzdim. Əsl alim cəsarətli, dünyagörüşlü olmalıdır. Hətta o hədləri aşmalıdır ki, irəli getsin. Buna görə ona inqilabi alim deyərlər. Və bu daxildən olan baxış mənim kitabımın ərsəyə gəlməsinə çox kömək oldu, kitabın konsepsiyasını hazırlamağa yardım etdi. Təsadüfi deyil ki, mən Ramiz müəllimin kitablarından sitatlar gətirirəm. Çünki Ramiz müəllimin dili çox gözəldir, o, alim dilindən çox publisist dilini xatırladır. Çox oxunaqlı və sadə dildir. Məsələn, Ramiz müəllimin "Naqornıy Karabax" kitabı Dağlıq Qarabağ haqqında ən maraqlı kitablardan biridir. Çünki kitabı əvvəldən axıradək oxuduqca doya bilmirsən. Hamıya "Azərbaycanı dəyişmiş 10 il" və "Naqornıy Karabax" kitablarını oxumağı tövsiyə edirəm. Bu iki kitab çox böyük əhəmiyyətə malikdir və hamımızın stolüstü kitabı olmalıdır".

Qeyd edək ki, nəfis tərtib olunmuş kitabda E.Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin xalqımızın ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən insanlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti