...

Prezident İlham Əliyev: Ölkəmizin güclü turizm sənayesi yaradılmalıdır

Siyasət Materials 30 Yanvar 2017 14:36 (UTC +04:00)
"Həm əllə, həm də maşınlarla toxunan Azərbaycan xalçaları dünyada təbliğ edilməli və bu, böyük gəlir mənbəyinə çevrilməlidir".
Prezident İlham Əliyev: Ölkəmizin güclü turizm sənayesi yaradılmalıdır

Bakı. Trend:

"Xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün “Azərxalça” yaradıldı və artıq 1-ci fabrik Füzuli şəhərində açılıb və mən orada iştirak etmişəm. Bu il bu fabriklərin sayı 10-a çatdırılmalıdır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, həm ənənəvi sənət yaşadılmalı, həm xalçaçılıq sənayesi də yaradılmalıdır: "Həm əllə, həm də maşınlarla toxunan Azərbaycan xalçaları dünyada təbliğ edilməli və bu, böyük gəlir mənbəyinə çevrilməlidir".

Turizmlə bağlı görülmüş işlərdən danışan dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq turizm üçün çox cəlbedici bir ölkəyə çevrilir:

"Xüsusilə vizayla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə Azərbaycanda zəngin, mədəni irs var. Tarixi abidələrimiz, bizim qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib. 2014-cü ildən bu günə qədər Azərbaycanda 300-dən çox mehmanxana tikilib. Bakı şəhərində dünyanın aparıcı hotellər şəbəkələrinin mehmanxanaları var. Bizim əla mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və qonaqpərvər insanlarımız – bütün bunlar turistləri cəlb edir. Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bu faktorlar var. Viza sadələşdirilməsi də həll olunub. Sadəcə olaraq, biz işləri düzgün təşkil etməliyik və ölkəmizin güclü turizm sənayesi yaradılmalıdır. Bu sahədə böyük təcrübəsi olan ölkələrin təcrübəsindən istifadə etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti