...

Prezident İlham Əliyev albaniyalı həmkarı ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 16 Mart 2017 16:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb.
Prezident İlham Əliyev albaniyalı həmkarı ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb.

Albaniya Prezidenti Buyar Nişani V Qlobal Bakı Forumuna dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, dövlətimizin başçısı ilə görüşməkdən məmnunluq hissi keçirdiyini dedi. Prezident Buyar Nişani Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğuladı. O, Albaniya xalqının səmimi salamlarını Azərbaycan xalqına çatdırdı. Albaniya Prezidenti Buyar Nişani Prezident İlham Əliyev ilə görüşünün münasibətlərimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Albaniya Prezidentinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bu Forumun müzakirələrin aparılması baxımından vacib beynəlxalq tədbir olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və yaxşı perspektivləri olduğunu dedi. Hər iki ölkənin enerji sektorunda yaxşı tərəfdaşlar olduğunu qeyd edən Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısında albaniyalı nazirin iştirakının önəmini vurğuladı. Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin çox uğurla həyata keçirildiyini bildirdi. Azərbaycan ilə Albaniyanın siyasi əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı dəstəyin və beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlığın olduğunu qeyd etdi, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Albaniya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirən dövlətimizin başçısı bunun ölkələrimizin qarşısında duran əsas məqsədlərdən biri olduğunu dedi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti