...

Bakıda Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunan "dəyirmi masa" keçirilir (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 3 Aprel 2017 12:43 (UTC +04:00)
Bakıda “Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası” mövzusunda "dəyirmi masa" keçirilir.
Bakıda Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunan "dəyirmi masa" keçirilir (YENİLƏNİB) (FOTO)

Bakı. Səba Ağayeva - Trend:

Bakıda “Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası” mövzusunda "dəyirmi masa" keçirilir. Tədbirin təşkilatçıları “Şimal-Cənub” politologiya mərkəzi və “Baku Network” analitika mərkəzidir.

Trend İnformasiya Agentliyi ilə birgə təşkil edilən tədbir Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasıının 25 illiyi ərəfəsində keçirilir və bu əlamətdar tarixə həsr olunub.

"Dəyirmi masa"ya rusiyalı və azərbaycanlı ekspertlər, siyasi və ictimai xadimlər, hər iki ölkənin mətbuat nümayəndələri dəvət olunublar. "Dəyirmi masa"nı tədbirin moderatoru, “Baku Network” analitika mərkəzinin direktoru Gülnarə Məmmədzadə və “Şimal-Cənub” politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova açıb.

A.Trapeznikovanın sözlərinə görə, səfirliklər, Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən bu ekspert tədbirinə göstərilən diqqət onun əhəmiyyətini qeyd edir. Politologiya mərkəzinin direktoru deyib ki, bu gün iki ölkənin münasibətlərinin hansı istiqamətdə və hansı formatda inkişaf edəcəyini başa düşmək çox vacibdir: “Mən Rusiyanın ekspert ictimaiyyəti adından öz fikrimi bildirirəm ki, əməkdaşlıq vasitəsilə müasir çağırışlara qarşı daha effektiv şəkildə mübarizə aparmaq olar”.

Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Mətanət Bağıyeva qeyd edib ki, bu görüş təkcə Rusiya ilə Azərbaycanın mehriban qonşuluq münasibətlərinin formalaşmasına deyil, həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək: “Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşması 2000-ci illərin əvvəllərində iki ölkənin liderləri – Heydər Əliyev və Vladimir Putinin müdrikliyi sayəsində mümkün olub. Bu gün biz münasibətlərin həddini daha da yüksəldirik, ölkələr bir-birini beynəlxalq arenada dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın rolu çox vacibdir".

M.Bağıyeva qeyd edib ki, ölkələrin müxtəlif birgə humanitar tədbirlər keçirməsi, eləcə də Azərbaycanda bütün səviyyələrdə rus dilinin qorunub saxlanması və hörmətlə yanaşılması, xüsusulə də Bakıda bir neçə Rusiya ali təhsil müəssisəsinin filiallarının fəaliyyət göstərməsi faktı çox vacibdir.

Rusiyanın Azərbaycandakı səfirinin köməkçisi Oleq Muraşov hesab edir ki, bu gün iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə, o cümlədən iqtisadə sahədə aktiv şəkildə inkişaf edir. İqtisadi-ticarət münasibətlərinin inkişafı, bu prosesə regionların qoşulması münasibətlərin çox mühüm amilidir. O.Muraşov deyib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin möhkəmlənməsində iki ölkə liderləri arasındakı açıq dialoq böyük rol oynayır.

Tədbirdə iştirak edən “Baku Network” Ekspert Şurasının sədri Elxan Ələsgərov bildirib ki, Azərbaycana dünya siyasi arenasında mövqeyini təsdiq etmək üçün Rusiya ilə münasibətlərdən öz xeyrinə istifadə etmək tələb olunmadı. Bu, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik siyasi rəhbərliyi sayəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyev bu gün də bu siyasi kursu davam etdirir və iki liderin qarşılıqlı anlaşması sayəsində ölkələr arasında etimad və dostluq münasibətləri qurulub. Söhbət təkcə biznes layihələrindən və investisiyalardan yox, həm də elmi layihələr və başqa məsələlərdən gedir.

E.Ələsgərovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sabitliyin bərqərar olunmasının əsas təminatı olacaq və bu, bütün ölkələrin marağındadır. O qeyd edib ki, ölkələr bu gün də olduğu kimi beynəlxalq terrorçuluqla mübarizə məsələlərində əməkdaşlığı uğurla davam etdirə bilərlər. Ekspertin sözlərinə görə, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq üçün çoxlu istiqamətlər mövcuddur.

Tədbirdə iştirak edən Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlər Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Aleksey Fenenko deyib ki, İran və Türkiyə ilə yeni formatlarda Azərbaycan və Rusiyanın birgə layihələri bu ölkələrə nəqliyyat, təhlükəsizlik, energetika layihələri və digər sahələrdə dividentlər gətirə bilər. A.Fenenkonun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupu formatı özünü doğrultmur, ona görə, Rusiya, İran, Türkiyə kimi regional oyunçuların cəlb olunması ilə yeni formatın yaradılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üçün sığorta ola bilərdi.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Çingiz İsmayılov deyib ki, Azərbaycan siyasi və iqtisadi sahələrdə ardıcıl addımlar atır: “Müasir təhdidlər və çağırışlar şəraitində Azərbaycan Rusiya ilə bu cür mənfi hallara qarşı uğurla əməkdaşlıq edir”.

Dekan qeyd edib ki, iki ölkənin iqtisadi münasibətləri böyük potensiala malikdir və bunu hər iki xalqın mənafeyi naminə istifadə etmək lazımdır.

Ç.İsmayılovun sözlərinə görə, Azərbaycanın Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlığının ardıcıl inkişafı çox vacibdir: “Keyfiyyətli məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının təşviq olunması üzərində çalışmaq, turizm sahəsində əməkdaşlığı genişləndirmək, eləcə də hər iki ölkənin iş adamlarının iştirakı ilə müxtəlif biznes-forumlar təşkil etmək çox vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti