...

Nazir: Niderland və Azərbaycan beynəlxalq platformalar çərçivəsində müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir

Siyasət Materials 7 Aprel 2017 18:42 (UTC +04:00)
Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
Nazir: Niderland və Azərbaycan beynəlxalq platformalar çərçivəsində müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir

Bakı. Trend:

Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu xüsusda, ölkəmizdə bir sıra Niderland şirkətlərinin səmərəli fəaliyyətini qeyd edib.

Nazir Azərbaycanın Niderland ilə siyasi dialoqun, təhsil və humanitar sahədə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Niderlandın xarici işlər naziri Bert Koenders E.Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə Niderlanda səfəri, sabiq xarici işlər naziri Frans Timmermansın 2014-cii ildə və hazırki iqtisadi işlər naziri Henk Kampın 2016-cı ildə Azərbaycana səfərlərinin buna bariz nümunə olduğunu bildirib.

B.Koenders Niderland və Azərbaycanın Avropa Şurası, ATƏT, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, bir sıra beynəlxalq platformalar çərçivəsində müxtəlif sahələr üzrə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir Niderlandın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı istiqamətində olan səyləri dəstəklədiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti