...

Deputat: Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq

Siyasət Materials 27 Aprel 2017 16:31 (UTC +04:00)
Avropa Şurasının, Avropa Birliyinin bəzi qərbyönümlü beynəlxalq təşkilatlarının Türkiyəyə və oradakı proseslərə münasibəti birmənalı deyil və bu münasibət hadisələrə adekvat hesab olunmur.
Deputat: Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa Şurasının, Avropa Birliyinin və digər bəzi qərbyönümlü beynəlxalq təşkilatların Türkiyəyə və oradakı proseslərə münasibəti birmənalı deyil və bu münasibət hadisələrə adekvat hesab olunmur.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların Türkiyəyə olan münasibətlərində ikili standartlar müşahidə olunur: “Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün uzun illərdir göstərdiyi cəhdlərə qarşı süni maneələr yaradılır. Biz həm də Türkiyənin inkişafına, güclənməsinə, demokratik imicinin artmasına xələl gətirən qərarların şahidiyik”.

Deputat qeyd edib ki, bu qərarlar ədalətli deyil və heç bir əsası yoxdur: “Qərəzlər elə bu qərarlarda görünür. İstər Türkiyədəki son referenduma, istərsə də ondan qabaqkı hadisələrə münasibətdə Avropa Şurasının və Avropa Birliyinin qərarlarını ədalətli saymıram. Amma bunlar da ötüb-keçən hadisələrdir. Əsas odur ki, güclü Türkiyə, onun güclü lideri, Türkiyənin Azərbaycan kimi güclü dostu və ədaləti, həqiqəti üstün tutan digər dostları var. Hesab edirəm ki, ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq və Türkiyə öz yolu ilə davam edəcək”.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti