...

Gənclər Fondu Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbir keçirib (FOTO)

Siyasət Materials 4 May 2017 16:01 (UTC +04:00)
Gənclər Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib.
Gənclər Fondu Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbir keçirib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fəttah Heydərov, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Gənclər Fondundan qrant qazanmış gənclər və media nümayəndələri iştirak edib.

F.Hacıyev bildirib ki, Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin sırasına yüksəlib. O deyib ki, 90-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə stabillik yaranıb: "Ölkədə həyata keçirilən tədbirlər onu göstərir ki, biz dünyanın ən maraqlı ölkələrindən birinə çevrilmişik. Ulu öndər Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov xatırladıb ki, 90-cı illərin əvvəllərində ölkədə xaotik vəziyyət hökm sürüb: "Həmin dövrdə ölkədə ağır cinayətlərin sayı dəfələrlə artmışdı. O vaxtkı hakimiyyətin gənclərin problemlərini həll etməyə nə səriştəsi, nə də imkanı var idi. Ona görə də biz haqlı olaraq deyirik ki, Azərbaycanda bitkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra formalaşmağa başladı. Heydər Əliyev hakimiyyətə təzə gəldiyi zamanlar Biləsuvardan Astaraya qədər qondarma "Talış Muğan Respublikası" yaradılmışdı. Ölkənin şimalında "sadvalçılar" at oynadırdı. Belə çətin və gərgin vəziyyətə baxmayaraq, Heydər Əliyev Ali Sovetdə bir qrup gənclə görüşdü. Bu görüşdən sonra dövlət gənclər siyasətinin həyata keçirilməsi üçün Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu öndər nazirliyi yaratmaqla uzaqgörən addım atdı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I forumu keçirildi. Forumda ulu öndər geniş bir nitq söylədi. Həmin nitqdə gənclər siyasətinin prioritetləri o qədər dəqiq müəyyən olundu ki, hamı öz işinin nədən ibarət olduğunu anladı. Heydər Əliyev gənclərə olduqca diqqətlə yanaşır, onların tədbirlərində həvəslə iştirak edirdi. Bu siyasət hazırda uğurla və daha yüksək səviyyədə davam etdirilir".

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, Azərbaycan çətin zamanda bir istinad nöqtəsinə, sülhün, tərəqqinin, çox uğurlu siyasətin ünvanına çevrilib: "Bu, məhz böyük şəxsiyyətin siyasətinin nəticəsidir. Nə yaxşı ki, ağıllı gəncliyimiz onun yanında oldu. Ulu öndərin övladı İlham Əliyev onun yolunu uğurla davam etdirir".

Tədbir gənclər təşkilatlarının rəhbərlərinin və Gənclər Fondundan qrant qazanmış gənclərin çıxışları ilə davam edib.

Tədbir zamanı Gənclər Fondu tərəfindən Heydər Əliyevlə bağlı hazırlanmış film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti