...

Prezident İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal beynəlxalq tədbirə çevrilib (YENİLƏNİB-5)

Siyasət Materials 5 May 2017 10:55 (UTC +04:00)
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili üzrə təşəbbüs altı il əvvəl irəli sürülüb və bu tədbir ilk dəfə Bakıda keçirilb.
Prezident İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal beynəlxalq tədbirə çevrilib (YENİLƏNİB-5)

Bakı. Azad Həsənli - Trend:

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili üzrə təşəbbüs altı il əvvəl irəli sürülüb və bu tədbir ilk dəfə Bakıda keçirilb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Həmin vaxtdan Forum gündəlikdə duran ən mühüm qlobal məsələlərdən biri – mədəniyyətlərarası dialoq məsələsinin həlli ilə məşğul olan qlobal beynəlxalq tədbirə çevrilib".

Prezident əlavə edib ki, hər bir beynəlxalq tədbirin, forumun əhəmiyyəti təkcə hansı mövzuların müzakirə olunması ilə deyil, həm də kimlərin iştirak etməsi ilə qiymətləndirilir.

"Biz çox şadıq ki, bu gün forumda 120-dən artıq ölkədən 800-dən çox qonaq iştirak edir. Bu, ilk növbədə, forumun və bu gün və sabah aparılacaq müzakirələrin əhəmiyyətini nümayiş etdirir. Biz həmçinin fəxr edirik ki, forumun tərəfdaşlarının və tədbirin təşkilində iştirak edən təşkilatların sayı artır".

İlham Əliyev bildirib ki, Azərbaycan hökuməti bu forumu YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESKO, Avropa Şurası və Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə təşkil edir:

Prezident forumun gedişində müzakirələr və fikir mübadilələrinin mədəniyyətlərarası dialoqun inkişafına yardım edəcəyinə əmin olduğunu bildirib.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan əsrlər boyunca müxtəlif sivilizasiya və mədəniyyətlərin görüş yeri olub: “Bizim coğrafiyamız, tariximiz və Azərbaycandakı inkişaf onu göstərir ki, mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir. Bu dialoq olmadan dünya daha təhlükəli bir yer olardı".

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın tarixi, ənənələri və coğrafiyası həqiqətən də diktə edib ki, ölkə sivilizasiyaların görüşdüyü yer ola bilər və olmalıdır:

"Yüzilliklər boyunca Azərbaycanda insanlar müxtəliflik şəraitində yaşayıblar. Multikulturalizm, etnik və dini müxtəliflik - bu bizim tariximizdir, bügünkü reallıqdır və biz bununla fəxr edirik. Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bütün etnik qrupların və dinlərin nümayəndələri burada dinc şəraitdə yaşayırlar".

Prezident vurğulayıb ki, ölkənin tarixi abidələri də Azərbaycanın mədəni müxtəlifliyini və qədim tarixə malik olduğunu əyani şəkildə nümayiş etdirir.

İlham Əliyev forum iştirakçılarına məlumat verib ki, Azərbaycanın qədim şəhərlərindən biri olan Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri yerləşir və Azərbaycan bununla fəxr edir.

Dövlət başçısı həmçinin xatırladıb ki, Azərbaycanın digər qədim şəhəri Şəkidə ən qədim kilsələrdən biri – Qafqaz Albaniyası dövrünə məxsus kilsə yerləşir. Bundan başqa, Bakıda zərdüştlük dininə aid Atəşgah məbədi var ki, bu da Azərbaycanın mədəni və dini müxtəlifliyini nümayiş etdirir.

Prezident deyib ki, Azərbaycanda mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur və onların əksəriyyətinin tikintisi dövlət tərəfindən maliyyələşdirilib: “Bu bizim tariximizi, eləcə də siyasətimizi nümayiş etdirir”.

Dövlət başçısı qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti, həmçinin ölkədə həyat tərzidir: “Multikulturalizm” sözü nisbətən yeni, bəzən çətin tələffüz olunan söz olsa da, ölkəmizdə multikulturalizm ideyaları hər zaman mövcud olub. Tarixi dövrdən, Azərbaycandakı siyasi sistemdən asılı olmayaraq, bizim insanlarımız hər zaman həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda multikulturalizmin fəal müdafiəçiləri və təbliğatçıları olublar”.

İlham Əliyev bildirib ki, mədəniyyətlərarası dialoqa həsr olunmuş forumun təşkili ilə bağlı qərarın qəbul edilməsinə səbəb Azərbaycanın tarixi və reallıqları, eləcə də bu məsələlərin həlli üçün geniş formatın yaradılması niyyəti olub: “Hazırda bunu etməyə bəlkə də daha çox ehtiyac var. İlk növbədə ona görə ki, dünyada bəzi tendensiyalar təəssüf ki, mədəniyyətlərarası dialoqa deyil, uzaqlaşmağa, özgələşməyə gətirib çıxarır. Biz mütəmadi olaraq dünyanın müxtəlif yerlərində anlaşılmazlıq üzündən müxtəlif dinlər və entik qrupların nümayəndələri arasında münaqişələr və vətəndaş müharibələrinin baş verdiyini görürük”.

Prezident qeyd edib ki, Azərbaycanın multikulturalizm siyasəti ölkə xalqı tərəfindən tam dəstəklənir: “2016-cı il ölkədə “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Hərməyliyi ili” elan edildi. Bu iki mühüm hadisənin birləşməsi Azərbaycanın gündəlik həyatının mühüm elementləridir. Bu, hər şeydən əvvəl bizim cəmiyyətimizin statusunu, bizim dövlət siyasətimizi göstərir, həmçinin regionda böyük anlaşmaya gətirib çıxarır”.

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan, o cümlədən, bu məsələyə həsr olunmuş bir sıra mühüm beynəlxalq tədbirlər keçirib:

“Azərbaycan artıq beş dəfə Beynəlxalq Humanitar Forum keçirib. Bir neçə il bundan əvvəl Dini Liderlərin Ümumdünya Sammitini təşkil etmişik. Ötən il Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox uğurla keçirildi. Və əlbəttə ki, biz mədəniyyətlərarası dialoq məsələlərinin müzakirəsi üçün artıq dördüncü dəfədir bir yerə toplaşmışıq”.

Dövlət başçısı bildirib ki, bu tədbirlər gərginliyin və risklərin azaldılması, xalqlar və dinlər arasında qarşılıqlı anlaşmanın yaxşılaşması üçün imkanlar tapmağa kömək edir: “Fikrimcə, Azərbaycanın tarixi və onun bugünkü inkişafı uğura nail olmağın ən yaxşı nümunələridir”.

Prezidentin sözlərinə görə, multikulturalizmə müxtəlif baxışlar mövcuddur: “Bəzən biz müxtəlif ictimai xadimlərdən, siyasətçilərdən, ölkə rəhbərlərindən multikulturalizm barədə müxtəlif skeptik fikirlər eşidirik. Düşünürəm ki, əgər səylərimizi birləşdirsək – beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin nümayəndələri buradadır – biz multikulturalizmin yaşadığını nümayiş etdirə və sübut edə bilərik. Multikulturalizmin alternativi ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilikdir".

Azərbaycan Prezidenti vurğulayıb ki, multikulturalizm sadəcə tendensiya deyil, bu, dünyanı daha təhlükəsiz bir yerə çevirməyi göstərmək üçün yeganə yoldur: “Düşünürəm ki, sizin bu forumda iştirakınız və müzakirə mövzuları bizim ümumi iradəmizi, siyasətimizi və bu dəyərlərin təbliğatına yanaşmamızı aydın şəkildə nümayiş etdirir”.

İlham Əliyev forumun qonaqlarına məlumat verib ki, 2008-ci ildə ölkə daha sonra “Bakı prosesi” adını almış, hazırda beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən vacib bir prosesə təşəbbüs göstərib: “Bu təşəbbüs Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan çox az ölkədən biri olması faktı ilə möhkəmlənir”.

Prezident xatırladıb ki, Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş görüşünə onların İslam Əməkdaşlıq Təşkilatından həmkarları dəvət edilmişdi: "İlk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri mədəniyyətlərarası münasibətlərin mühüm məsələlərinin həlli üçün bir yerə yığışmışdı. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin görüşü keçirildi. Bu görüşə onların Avropa Şurası ölkələrindan olan həmkarları da dəvət olunmuşdu. Bu təşəbbüs və format nəticədə “Bakı prosesi” adlandırıldı. Biz fəxr edirik ki, ilk növbədə, bu bizim təşəbbüsümüz idi, ikincisi, ona görə ki, Bakı mədəniyyətlərarası dialoq mərkəzi olmağa layiqdir”.

Azərbaycan Prezidenti bildirib ki, gələn il “Bakı prosesi”nin 10 illiyi qeyd ediləcək:

“Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı mədəniyyətlərarası dialoqda liderlik naminə “Bakı Prosesi” mükafatının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Mükafat mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafında çox fəal rol oynayan şəxslərə təqdim olunacaq".

Dövlət başçısı əlavə edib ki, Azərbaycan tərəfindən irəli sürülən daha bir təşəbbüs isə Bakıda Avropa Oyunlarının təşkili olub.

Prezidenti qeyd edib ki, digər qitə oyunlarından fərqli olaraq Avropa Oyunları bundan əvvəl keçirilməmişdi və Avropa Olimpiya Komitəsi bu Oyunları təşkil etməyə qərar verəndə, müraciətlər elə də çox deyildi: “Açıq desək, Azərbaycan bu Oyunları Bakıda keçirməyi təklif edən yeganə ölkə oldu. Bəlkə də bu amil olmasaydı, həmin idman yarışı təşkil olunmazdı”.

Dövlət başçısı xatırladıb ki, 2015-ci ildə Bakıda 5000-dən çox idmançının iştirak etdiyi Birinci Avropa Oyunları baş tutdu: “Bu Oyunlar əlbəttə ki, idman tədbiri idi, eyni zamanda Birinci Avropa Oyunlarının müsəlman ölkəsində təşkil olunması rəmzi xarakter daşıyırdı. Bu, multikulturalizmin, dini tolerantlığın nümayişi idi və Oyunlar yüksək səviyyədə təşkil edildi. İdmançılar, qonaqlar təşkilatçılıqdan, ənənəvi qonaqpərvərliyini göstərmiş Azərbaycan xalqının onları qəbul etməsindən razı qaldılar”.

İlham Əliyev deyib ki, bu il, bir həftə sonra Azərbaycanda bütün müsəlman ölkələri və 3 mindən çox idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək: “Beləliklə, iki il ərzində bir şəhərdə həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu bizim siyasətimizi və niyyətimizi nümayiş etdirir”.

Prezident əmin olduğunu bildirib ki, bu Oyunlarda şübhəsiz ki, böyük rəqabət olacaq, eyni zamanda, bu, insanları birləşdirəcək: “Bizə, hər şeydən əvvəl müsəlman dünyasında birlik lazımdır. Təəssüf ki, məhz müsəlman ölkələri terrorçuluqdan daha çox əziyyət çəkir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İslam dəyərlərinin təbliğ olunmasında çox vacib rol oynayır: “Biz qədim İslam mədəniyyətini nümayiş etdirmək üçün Avropanın paytaxt şəhərlərində müxtəlif beynəlxalq tədbirlər, təqdimatlar və sərgilər təşkil etmişik. Biz islamofobiya ilə və İslamı terrorla əlaqələndirmək cəhdlərinə qarşı mübarizədə ən fəal ölkələrdənik”.

Azərbaycan Prezidenti qeyd edib ki, regionda təhlükəsizliyi təmin etmək üçün müsəlman dünyasında birlik zəruridir, həmçinin gərginliyi azaltmaq üçün İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar arasında fəal əlaqələr lazımdır:

“Buna görə də biz mədəniyyətlərarası dialoq haqqında danışarkən aydın şəkildə başa düşürük ki, bu dialoqun uğurunun təsirini bütün sahələrdə – siyasi həyatda, təhlükəsizliklə bağlı sahələrdə, iqtisadi əməkdaşlıqda görmək olar”.

İlham Əliyev əlavə edib ki, qarşılıqlı hörmətə əsaslanan gözlənilən tərəfdaşlıq və münasibətlər olmadan bu gün hər bir ölkənin qarşısına qoyduğu məqsədə çatması çox çətin olacaq:

"Düşünürəm ki, ona görə də bu təşəbbüslər və Azərbaycanın beynəlxalq multikulturalizm mərkəzlərindən biri kimi uğurunun tarixi bizim təkcə düzgün yolda olduğumuzu deyil, bu yolda uğurla irəlilədiyimizi də göstərir”.

Prezident vurğulayıb ki, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb: “Bütün dünyanı əhatə edən bugünkü forum bizim məqsədlərimizin aydın şəkildə nümayişidir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan sosial, iqtisadi və siyasi həyatda böyük naliyyətlər qazanıb:

“Azərbaycan böyük tarixi, ənənələri və mədəniyyətinə baxmayaraq, nisbətən gənc müstəqil dövlətdir. Ötən il respublika müstəqilliyinin bərpa olunmasının 25 illiyini qeyd edib. Bu illər əyani surətdə onu nümayiş etdirir ki, öz taleyinizi özünüz idarə etsəniz, böyük uğurlar əldə edə bilərsiniz. Azərbaycan əsrlər boyu müxtəlif ölkələrin, imperiyaların tərkibində olub və müstəqilliyin 25 ili aydın şəkildə göstərdi ki, yalnız azad olduqda uğur əldə edə bilərik. Tarixdə heç vaxt Azərbaycan bu gün olduğu qədər güclü olmayıb”.

İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycan sürətlə inkişaf edən, dinamik və öz ənənəvi köklərinə çox yaxın olan müasir ölkədir.

Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan bütün dünyaya açıq ölkədir: “Bizim qarşılaşdığımız ən böyük problem erməni işğalıdır. Təəssüf ki, müstəqilliyimizin bərpası dövrü Ermənistan tərəfindən təcavüzlə müşayiət olunub. Bunun nəticəsi beynəlxalq səviyyədə tanınmış ərazilərimizin – Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı oldu”.

Prezident İlham Əliyev bildirib ki, bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcbur köçkünə çevrilib, etnik təmizləməyə məruz qalıb, bu gün isə işğal olunmuş ərazilərdə Azərbaycanın bütün tarixi abidələri, binaları və məscidləri Ermənistan tərəfindən dağıdılıb: “Biz burada, Bakıda erməni kilsəsini təmir etmişik, Ermənistan isə işğal olunmuş ərazilərdə bizim bütün tarixi və dini irsimizi dağıdıb. Bu faktların əks olunduğu fotoşəkilləri internetdə də görmək olar”.

Dövlət başçısı xatırladıb ki, ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və onların hesabatı aydın şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində dağıntıların olduğunu əks etdirib:

“Ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. 20 ildən çoxdur ki, bu qətnamələr icra olunmur. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur və beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qərarlarını kobud şəkildə pozur. Elə bir mexanizm yoxdur ki, təcavüzkarı həmin qətnamələri yerinə yetirməyə məcbur etsin. Təhlükəsizlik Şurasının qərarlarının bəzən bir neçə gün, hətta saatlar ərzində icra olunması, bizə gəldikdə isə 20 ildən çoxdur ki yerinə yetirilməməsi insanlarımızda ciddi narahatlıq yaradır. Bu, ilk növbədə, ikili standartların təzahürüdür və müəyyən dərəcədə qətnamələrin icrası mexanizminin səmərəsiz olduğunu göstərir”.

İlham Əliyev qeyd edib ki, xüsusilə 1990-cı illərin əvvəllərində bir milyon qaçqın və məcburi köçkün problemi ilə əlaqədar ağır iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan öz qüvvələrini səfərbər edərək güclü dövlət qura bildi: “Bu gün Azərbaycan siyasi və iqtisadi baxından sabit ölkədir, beynəlxalq ictimaiyyətin böyük hörmət qazanmış üzvüdür. Bununla bağlı çoxlu fakt gətirə bilərəm. Düşünürəm ki, onlardan sadəcə biri kifayət edər. Belə ki, bir neçə il əvvəl 155 ölkə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə səs vermişdi. Dünya ölkələrinin mütləq əksəriyyətinin bu dəstəyi Azərbaycanın çox yaxşı beynəlxalq nüfuzunun olduğunu göstərir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, eyni zamanda Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib: “Bu, regionda oynadığımız roldur və biz öz coğrafi mövqeyimizi vacib infrastruktur obyektlərinə çevirə bilmişik”.

Prezident deyib ki, Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat layihələri dəmir yolu ilə Asiya və Avropanı birləşdirərək artıq əhəmiyyətli mənfəət gətirməyə başlayıb, eləcə də ölkələr arasında vacib əlaqələr yaradır.

"Azərbaycan, həmçinin iri enerji layihələrinin təşəbbüskarıdır. Onlardan biri hazırda reallaşdırılan, dəyəri 40 milyard dollar olan Avropanın ən iri infrastruktur layihəsidir. “Cənub Qaz Dəhlizi” birinci mərhələdə 7 ölkəni birləşdirəcək və regionumuzun bir çox ölkəsinin, Mərkəzi və Cənubi Avropanın enerji tədarükünün şaxələndirilməsi və enerji təhlükəsizliyini təmin edəcək. Bu layihə enerji təhlükəsizliyi, enerji tədarükünün diversifikasiyası və əməkdaşlıq layihəsidir. Çünki bu enerji və nəqliyyat layihəsində iştirak edən bütün ölkələr tərəfdaş və bir-birindən qarşılıqlı asılı olacaq. Qarşılıqlı asılılıq isə iqtisadi əməkdaşlığın və qarşılıqlı hörmətin əsas amillərindən biridir. Beləliklə, Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələri əlbəttə ki, inkişaf və çiçəklənməyə xidmət edir. Bu, eyni zamanda bizim beynəlxalq əməkdaşlığa və mədəniyyətlərarası dialoqa töhfəmizdir”.

İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadi göstəriciləri yaxşı təəssürat yaradır – son on üç il ərzində ölkənin ÜDM-i üç dəfədən çox artıb, işsizlik səviyyəsini beş faizədək, yoxsulluq səviyyəsini altı faizədən aşağı azaltmaq mümkün olub.

Dövlət başçısı, həmçinin xatırladıb ki, ölkənin xarici borc səviyyəsi çox aşağıdır – ÜDM-in cəmi 20 faizi. Ölkənin ehtiyatları isə xarici borcdan 5 dəfə yüksəkdir: “Bu, həqiqətən də çox yaxşı iqtisadi göstəricilərdir. Yeri gəlmişkən, bu göstəricilər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”.

Prezident əlavə edib ki, Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşıb: "Davos İqtisadi Forumunun digər reytinqində Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında birinci və ikinci yerləri bölüşdürür. Bütün bunlar müstəqillik illərində yaradılmış böyük aktivdir”.

İlham Əliyev qeyd edib ki, ölkə təhsilə xeyli investisiya yatırıb: “Azərbaycanda savadlılığın səviyyəsi bu gün 100 faizə yaxındır və son onilliklər ərzində ölkədə 3 mindən çox məktəb tikilib. Hamımıza yaxşı məlum olduğu kimi, təhsilə investisiyalar gələcəyə investisiya deməkdir. Eyni zamanda, bu, sabitliyə və təhlükəsizliyə investisiyalardır, çünki radikalizm, ekstremizm və fundamentalizmi əsasən savadsızlıq, təhsilsizlik yaradır. Belə olan halda gənc nəslin beyinlərini yuyurlar və onları dəhşətli terror aktlarını törətməyə yönəldirlər".

Azərbaycan Prezidenti vurğulayıb ki, savadsızılıq, yoxsulluq, sosial bərabərsizlik və ədalətsizlik radikalizmin əsas mənbələridir:

"Radikalizmin kökünü kəsmək üçün fundamental səbəbləri olan problemləri həll etmək zəruridir. Eyni zamanda bizə mədəniyyətlərarası dəyərləri irəli çəkmək lazımdır ki, insanlar dinc birgəyaşayışın üstünlüyünü aydın şəkildə görsünlər. Və biz burada çox mühüm məsuliyyət məsələlərinə - siyasətçilərin məsuliyyətinə toxunuruq: həmin siyasətçilər daha da milliyyətçi olmaq məqsədilə bəzən radikallardan daha çox səs qazanmaq üçün proqramlarını dəyişirlər”.

Prezident, həmçinin qəsdən dini və etnik köklərə əsaslanan gərginliyə təhrik edən QHT-lərin, eləcə də KİV-lərin məsuliyyətini qeyd edib: “Beynəlxalq KİV-lərdə miqrasiya böhranı, müharibələr, dağıntılar, qarşıdurmalar, dini və etnik münaqişələr görürük, lakin bir çox müsbət nümunələr var ki, bunları da nümayiş etdirmək lazımdır.

Düşünürəm ki, bu forumun əsas məqsədlərindən biri və əhəmiyyəti odur ki, biz bu məsələlərə diqqət yetiririk və səylərimizi birləşdiririk. Əminəm ki, forumun bütün nümayəndələri və iştirakçıları buraya gündəlikdə dayanan bir məsələ ilə gəliblər: mədəniyyətlərarası dialoq dəyərlərinin möhkəmləndirilməsi və təbliğ edilməsi".

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, forumun nəticəsi uğurlu olacaq, tədbirin bütün qərarları həyata keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışının sonunda bütün nümayəndələrə forumda iştiraka görə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti