...

Ramiz Mehdiyev: Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir

Siyasət Materials 6 İyul 2017 14:50 (UTC +04:00)
Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir.
Ramiz Mehdiyev: Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir

Bakı. Trend:

Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir.

Trend-in məlumatına görə, bunu AZƏRTAC-a Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatı şərh edərkən bağlı bildirib.

R.Mehdiyev bildirib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində növbəti irimiqyaslı təxribat həyata keçirərək Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki nəfər qətlə yetirilib, bir nəfər yaralanıb, əhalinin mülkiyyətinə xeyli ziyan dəyib: "Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib".

PA rəhbəri qeyd edib ki, son illər Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində səylərini daha da gücləndirib: "Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və düşünülmüş siyasəti sayəsində dövlətimiz həm diplomatik, həm də hərbi sahədə mühüm üstünlüklər əldə edib. 2016-ci ilin aprelində Ermənistan ordusunun davamlı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı minlərlə hektar torpağın, strateji yüksəkliklərin işğaldan azad olunması ilə nəticələnib. Tarixi aprel qələbəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş nöqtəsi olub, danışıqlar prosesində ölkəmizin mövqeyini əsaslı şəkildə möhkəmləndirib".

R.Mehdiyev vurğulayıb ki, bu gün işğaldan azad olunmuş və təhlükəsizliyi təmin edilmiş ərazilərimizə yenidən həyat qayıdır: "Prezident İlham Əliyevin tapşırığına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə bərpa olunub və kənd sakinlərinin istifadəsinə verilib. Cocuq Mərcanlı öz yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı, bütün cəmiyyətimiz üçün əzəli torpaqlarımıza qayıdışın simvoluna çevrilib".

O qeyd edib ki, uzun illərdir regionun siyasi və iqtisadi həyatından təcrid olunmuş, iqtisadi tənəzzül, sosial gərginlik şəraitində yaşayan Ermənistan indi həm də siyasi və hərbi sahədə ardıcıl məğlubiyyətlə üzləşir: "Mövcud vəziyyət S.Sarkisyan cinayətkar rejiminin ölkə daxilində və xaricdə dayaqlarını ciddi şəkildə sarsıdıb. Görünür, Sarkisyan dinc azərbaycanlı əhaliyə qarşı davamlı şəkildə qanlı cinayətləri sanksiyalaşdırmaqla bir tərəfdən daxildə ona qarşı olan təzyiqləri neytrallaşdırmağa və hakimiyyətinin ömrünü uzatmağa, digər tərəfdən isə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı əhalidə vahimə, psixoloji gərginlik yaratmağa çalışır.

Əslində, bu, uzun illərdir Ermənistanın cinayətkar rejiminin dinc azərbaycanlı əhaliyə qarşı terror və soyqırımı siyasətinin davamıdır. 1992-ci ildə Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində, Xocalı şəhərində həyata keçirilmiş soyqırımları, habelə Azərbaycanın müxtəlif bölgələrində törədilmiş çoxsaylı terror aktları Ermənistan dövlətinin soyqırımı və terror siyasətini, əsl faşist mahiyyətini ifşa etmiş faktlardır. Sonrakı illərdə də bu siyasət ardıcıl şəkildə davam etdirilmişdir. 2016-cı ilin aprelində Ermənistan hərbi birləşmələri cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə 5 dinc sakin qətlə yetirilmiş, 30-dan artıq insan yaralanmışdır".

R.Mehdiyev bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələb və çağırışlarını qulaq ardına vurur, beynəlxalq qanunvericiliyi pozur, 25 ildir ki Azərbaycan ərazilərini işğal altında saxlayır: "Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur.

Azərbaycana qarşı bu dərəcədə açıq ikili standartların səbəbi nədir? Nəyə görə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın getdikcə azğınlaşan terror və soyqırımı siyasətinə, dinc insanlara qarşı amansız davranışına göz yumur və adekvat reaksiya vermirlər? Hansı səbəbdən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmur, məcburetmə tədbirləri həyata keçirilmir? Hər fürsətdə insan hüquq və azadlıqlarını əlində bayraq edərək müstəqil dövlətlərə qarşı kampaniya həyata keçirən dairələrin, onların təsiri altında olan hüquq-müdafiə təşkilatlarının qadın və uşaqların qəddarcasına qətlə yetirilməsinə biganəliyi, laqeyd və susqun münasibəti nə ilə bağlıdır?

Əminliklə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir".

Onun sözlərinə görə, mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Ermənistanın işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik qətiyyətli olmalı və vaxtı uzatmadan təsirli tədbirlər həyata keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər:

"Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə söz deyil, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu reallığı dərk etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti