...

Rusiya və Ukrayna diasporu Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb

Siyasət Materials 6 İyul 2017 18:10 (UTC +04:00)
Rusiya və Ukrayna diaspor təşkilatları Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb.
Rusiya və Ukrayna diasporu Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Ümumrusiya Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib.

Bəyanatda deyilir:

”Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti