...

Prezident İlham Əliyev: İqtisadi cəhətdən səfil, yoxsul, xarici ianələr hesabına dolanan Ermənistanla güclü Azərbaycanı müqayisə etmək olmaz

Siyasət Materials 20 İyul 2017 13:05 (UTC +04:00)
İqtisadi cəhətdən səfil, yoxsul, xarici ianələr hesabına dolanan Ermənistanla güclü Azərbaycanı müqayisə etmək olmaz.
Prezident İlham Əliyev: İqtisadi cəhətdən səfil, yoxsul, xarici ianələr hesabına dolanan Ermənistanla güclü Azərbaycanı müqayisə etmək olmaz

Bakı. Trend:

İqtisadi cəhətdən səfil, yoxsul, xarici ianələr hesabına dolanan Ermənistanla güclü Azərbaycanı müqayisə etmək olmaz.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik: “Əvvəlki dövrlərdə vəziyyət belə idi - hökümətlərarası, dövlətlərarası münasibətlərdə mənim həmkarlarımla çoxsaylı görüşlərdə hamı bilirdi və etiraf edirdi. Xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyası elitanın inhisarında qalırdı. İctimai fikir, xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya qəsdən münaqişə ilə bağlı yalan və təhrif edilmiş informasiyalar ötürürdü. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var. Çünki onlar hər dəqiqə, hər gün bizim əleyhimizə işləyirlər. Onlar üçün birinci hədəf Azərbaycandır. Çünki bilirlər ki, Azərbaycan güclənir, ölkəmizin böyük imkanları var, dövlətimiz və xalqımız heç vaxt bu işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə də erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan dırnaqarası siyasətçilər ictimai fikirə Azərbaycanla və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər.

Biz bu tendensiyanı, bu meyli sındıra bildik. Bu gün həm dövlətlərarası münasibətlərdə, həm də ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır. Təsadüfi deyil ki, mənim son səfərlərim çərçivəsində imzalanan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəa var. Orada göstərilir ki, münaqişə ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Bu, artıq o cümlədən həmin ölkələrdəki ictimai fikirdə yaranmış dönüşün təzahürüdür. Əlbəttə ki, biz də ilk növbədə çalışırıq və israrla, təkidlə deyirik ki, sənədlərdə bu bənd mütləq olmalıdır. Yəni ictimai fikirdə bu dönüş yaradıldı və münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi daha da böyük üstünlük təşkil edir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, düşmən bundan çox narahatdır: “Demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan da bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən səfil, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistanla bügünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı idi. Orada da bu zəifliyin təbii səbəbləri var. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir, öz biznes şəbəkələri var, onlar bəzi siyasətçiləri ələ alıblar. Belə demək mümkünsə, onlar dövlət qurumlarına soxulublar. Və bu imkanlardan istifadə edib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Dövlət, ictimai və media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu belədir, mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti