...

Milli mətbuata göstərilən diqqət və qayğıya görə media təmsilçiləri Prezident İlham Əliyevə təşəkkür edirlər (YENİLƏNİB-4)

Siyasət Materials 1 Avqust 2017 14:49 (UTC +04:00)
Azərbaycanda dövlət tərəfindən milli mətbuata göstərilən yüksək diqqət və qayğıya, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində addımların atılması və onların yeni mənzillərlə təmin edilməsinə görə, dövlət başçısı Prezident İlham Əliyevin ünvanına media təmsilçilərindən təşəkkür məktubları gəlir.
Milli mətbuata göstərilən diqqət və qayğıya görə media təmsilçiləri Prezident İlham Əliyevə təşəkkür edirlər (YENİLƏNİB-4)

Bakı. Trend:

Azərbaycanda dövlət tərəfindən milli mətbuata göstərilən yüksək diqqət və qayğıya, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində addımların atılması və onların yeni mənzillərlə təmin edilməsinə görə, dövlət başçısı Prezident İlham Əliyevin ünvanına media təmsilçilərindən təşəkkür məktubları gəlir.

“Trend” Beynəlxalq İnformasiya Agentliyi, “Day.az”, “Milli.az” xəbər portalları və “Azernews” qəzetinin kollektivləri adından

"Möhtərəm cənab Prezident!

Sizin zəngin və şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində ardıcıl gördüyünüz işlər, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək, media işçilərinə qayğı və diqqətiniz dünya miqyasında bənzəri olmayan bir təcrübə, örnəkdir. Xüsusilə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tərəfinizdən imzalanan Sərəncam əsasında jurnalistlər üçün 255 mənzilli ikinci binanın inşa edilməsi nəinki media işçiləri tərəfindən, çoxmilyonlu xalqımız tərəfindən yüksək qarşılanmışdır. Bizlərə göstərdiyiniz bu qayğı və etimadı doğrultmaq üçün bundan sonra da Sizin rəhbərliyiniz altında Azərbaycan dövlətçiliyinin inkişafı, Vətənimizin rifahı, haqq sözümüzün dünyaya çatdırılması istiqamətində gördüyümüz işi daim var gücümüzlə davam etdirəcəyik.

Cənab Prezident, Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, doğma Azərbaycanımızın gələcək inkişafı naminə gördüyünüz misilsiz işlərinizdə uğurlar arzulayırıq".

Əflatun Amaşovdan - Azərbaycan Mətbuat Şurasının sədri

"Möhtərəm cənab Prezident,

Azərbaycan jurnalistlərinin Sizinlə hər görüşü nəinki media ictimaiyyətimiz, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan hadisədir. Bu il iyulun 20-də keçirilən görüş də bu baxımdan xüsusi vurğulanmalıdır. Həmin görüşdə “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamınız əsasında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının açılışını etdiniz. 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək hədsiz sevinc və inanılmaz qürur hissi yaşatdınız. Sıralarında tanınmış mətbuat orqanlarını, jurnalist təşkilatlarını, elektron informasiya resurslarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna görə Sizə ölkəmizin jurnalist ictimaiyyəti adından dərin minnətdarlığını bildirir.

Möhtərəm cənab Prezident, jurnalistlər üçün inşa edilmiş binanın açılış mərasimindəki proqram xarakterli çıxışınız Azərbaycan dövlətinin media siyasətinə bəslədiyimiz inam və əminliyi bir daha artırır. Media təmsilçilərimiz Sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər. Kütləvi informasiya vasitələrimizin vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət quruculuğundakı missiyasının ətraflı təhlilini verməyiniz, apardığınız müqayisə və paralellər qətiyyətlə onu deməyə əsas verir ki, təməlini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Sizin yüksək səriştə və bacarıqla davam etdirdiyiniz media siyasəti qələm sahiblərimizi yeni uğur və müvəffəqiyyətlərə daşıyacaqdır. Uğurlarımız isə bu gün daha böyükdür. Hazırda Azərbaycan mediası Qafqaz regionunda maddi-texniki təminat, yaradıcılıq dəsti-xətti, operativlik, dəqiqlik, qərəzsizlik və digər keyfiyyətlər baxımından lider mövqeyə malik olmaqla, dünyanın regionla bağlı mühüm informasiya mənbəyidir.

Möhtərəm cənab Prezident, bütün bunlara görə Siz jurnalistlərimizin əbədi dostusunuz. Üçüncü dəfə “Jurnalistlərin dostu” mükafatını qazanmağınız da bundan xəbər verir. Hesab edirik ki, cəmiyyətin güzgüsü sayılan medianın seçimini şərtləndirən ən mühüm amil dövlət başçısı kimi 2003-cü ildən indiyədək gördüyünüz işlərə bəslənilən dərin rəğbətdir.

Azərbaycan müstəqil dövlət olaraq dünyada özünəlayiq yer tutub, beynəlxalq aləmdə onunla hesablaşırlar, irəli sürdüyü prinsiplər dünya düzəninin formalaşmasına təsir göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artım dinamikası heyrətamiz rəqəmlərlə ölçülür, insanlarımız rifah şəraitində, təhlükəsizlik mühitində yaşayırlar. Rəğbət hissi məhz bunlardan qaynaqlanır. Tam qətiyyətlə bildiririk ki, Siz təkcə medianın deyil, bütövlükdə Azərbaycan xalqının dostusunuz. Həyata keçirdiyiniz nəhəng tədbirlər hər bir azərbaycanlının baxışlarındakı tarixi şəxsiyyət obrazınızı jurnalist yaradıcılığının aktual mövzusuna çevirir.

Möhtərəm cənab Prezident, dostluq qarşılıqlı hissdir, gözəl yaşantıdır. Biz jurnalistlər üçün Sizinlə dost olmaq böyük şərəf və məsuliyyətdir. Dəyərli vaxtınızı ayırıb jurnalistlərlə səmimi və səmərəli görüş keçirməklə Azərbaycan mətbuatı tarixində növbəti mərhələnin başlanğıcını qoydunuz. Hər zaman etimadınızı doğruldacağımızı, Sizin şəxsinizdə Azərbaycan Respublikasının Prezidenti ilə dostluğumuza daim sadiq qalacağımızı bəyan edirik. Sizə bir daha minnətdarlıq hisslərimizi bildirir, uzun ömür, möhkəm cansağlığı diləklərimizi yetirir, Vətənimiz Azərbaycanın inkişafı istiqamətindəki yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Uca Tanrı hər zaman köməyiniz olsun!"

Ədalət Əliyevdən- “Lider TV və Radio-Azərbaycan” MMC-nin prezidenti

"Möhtərəm cənab Prezident,

Sizin şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində gördüyünüz işlər, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz dəstək, media nümayəndələrinə qayğı və diqqətiniz dünya miqyasında təqdir olunan nümunəvi təcrübədir. Xüsusilə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tərəfinizdən imzalanan Sərəncam əsasında iki çoxmərtəbəli yaşayış binasının tikilməsi, üçüncü binanın təməlinin qoyulması isə media təmsilçilərinə dövlət tərəfindən növbəti qayğının təzahürüdür. Bu, Sizin azad sözə verdiyiniz qiymət, eyni zamanda, jurnalistlər üçün yeni ümidlər, daha əzmlə çalışmaq üçün stimuldur.

Sevindirici haldır ki, 2013-cü ildə olduğu kimi, bu il iyulun 20-də də 255 mənzilli binada mükafatlandırılanlar arasında “Lider TV və Radio-Azərbaycan” MMC-nin 6 əməkdaşı da var. Bununla da “Jurnalist şəhərciyi”ndə mənzillə təmin olunan “Lider”çilərin sayı 8-ə çatdı.

Biz bilirik ki, “Jurnalistlər şəhərciyi”ndə yaşamağın mənəvi dəyəri maddi dəyərindən daha yüksəkdir. Bir vətəndaş üçün onun əməyinin məhz dövlət başçısı tərəfindən qiymətləndirilməsindən ali mükafat ola bilməz. Sizin jurnalistlərə qayğınızı, mediamızın inkişafını ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edirik.

Cənab Prezident, ölkə mediasının 255 nümayəndəsinə, o cümlədən “Lider TV və Radio-Azərbaycan” MMC-nin 6 əməkdaşına bu sevinci yaşatdığınıza görə Sizə kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk. Göstərdiyiniz bu qayğı və etimadı doğrultmaq üçün bundan sonra da bu şərəfli missiyanı layiqincə yerinə yetirəcək, dövlətçiliyimizin inkişafı, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

Hikmət Hacıyevdən - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri

"Möhtərəm cənab Prezident,

Media işçiləri üçün tikilən binada mənzil alanlar arasında mən də varam. Buna görə şəxsən öz adımdan və ailəm adından Sizə sonsuz minnətdarlığımı ifadə etməkdən qürur duyuram. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq nəcib və xeyirxah əməlinizlə ailəmizə də böyük sevinc bəxş etdiniz. Bu məqam həyatımın ən unudulmaz və xoşbəxt anlarından biridir.

Prezident, Ali Baş Komandan tərəfindən bizə göstərilən bu qayğının mənəvi dəyəri, sözün əsl mənasında, hədsiz və hüdudsuzdur. Bir vətəndaşı olaraq arxamızda Sizin kimi mətin, qətiyyətli, ədalətli və xeyirxah Prezidentin olduğu üçün həmişə özümü güvənli və məğrur hiss etmişəm. Ulu öndər Heydər Əliyevin irsinə sadiq olaraq, Prezidentimiz tərəfindən yürüdülən uğurlu daxili və xarici siyasətə, dövlətçiliyə sədaqətlə xidmət etmək, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə töhfə vermək naminə yorulmadan çalışmaqda davam edəcəyəm. Gündəlik fəaliyyətimdə Sizin etimadınızı doğrultmaq həyatımın ən ali məqsədlərindən biridir.

Mən Prezidentimlə fəxr edirəm!"

“Xalq qəzeti”nin kollektivi adından - Baş redaktor Həsənov Həsən

"Möhtərəm cənab Prezident,

Biz - iki ildən sonra 100 yaşını qeyd edəcək Azərbaycanın anadilli ən qocaman və aparıcı kütləvi informasiya vasitəsi olan “Xalq qəzeti” redaksiyasının kollektivi Sizə növbəti dəfə dərin minnətdarlığımızı və təşəkkürümüzü çatdırırıq. Sizin təşəbbüsünüz və hərtərəfli dəstəyinizlə ərsəyə gələn “Jurnalistlər şəhərciyi”ndə istifadəyə verilmiş ikinci yaşayış binasında kollektivimizin 5 əməkdaşı mənzillə təmin edildi.

Cənab Prezident, Sizin xeyirxah təşəbbüslə çıxış etməyiniz, binaların tikilməsi, mənzillərin ədalətli bölgü əsasında paylanılması, böyük məsuliyyət tələb edən bu işin dövlətçiliyə və milli mətbuatımıza sədaqətli, prinsipial insanlara etibar edilməsi təqdirəlayiqdir. Kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli qayğı və dəstəyinizə, söz və mətbuat azadlığına dəyərli töhfələrinizə görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın çiçəklənməsi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".

Niyaz Niftiyevdən - “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru

"Möhtərəm cənab Prezident,

Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Məhz Ümummilli Liderin cəsarətli və qətiyyətli addımları nəticəsində senzura ləğv edilib, media sahəsində unikal qanunvericilik bazası yaradılıb. Bu gün Azərbaycanda ən müasir tələblərə cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar da məhz bu reallığın nəticəsidir.

2003-cü ildən sonra Ümummilli Liderin siyasətini uğurla davam etdirərək, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlamısınız. 2010-cu ildə jurnalistlər üçün bina tikilməsi haqqında məlum Sərəncamınız isə yüzlərlə mətbuat işçisinin, onların ailələri və yaxınlarının ümidsizliyinə son qoyub. Xidməti və təcrübəsi olan yüzlərlə jurnalist həmkarımız yaşayıb işləmək üçün ən mühüm ehtiyac baryerini bilavasitə Sizin dəstəyinizlə keçərək mənzillə təmin olunublar.

İyulun 20-də daha 255 jurnalisti mənzillə təmin edərək onlara həyatlarının ən xoşbəxt günlərini yaşatdınız. Özüm də daxil olmaqla, həm 2013-cü ildə, həm də cari ilin iyul ayının 20-də ev alan əməkdaşlarımız İlhamə Rəşidova, Elçin Bayramlı, Adəm Abbaslı, Azər Nuriyev və Nigar İbrahimovanın (Nigar Polat) adından Sizə dərin təşəkkürümü bildirirəm.

Kollektivimiz əmindir ki, Sizin uğurlu və ali məqsədə xidmət edən bu nəcib təşəbbüsünüz davamlı olacaq, Azərbaycan dövlətinə, xalqına xidmət edən həqiqi jurnalistlər evsiz qalmayacaqlar".

İlham Quluyev - “Kaspi” qəzetinin baş redaktoru

Möhtərəm cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi siyasəti Sizin rəhbərliyiniz dövründə özünün ən yüksək zirvəsinə çatıb. Siz 2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasını təsdiq edərək, qarşıdakı dövr üçün Azərbaycan mediasının inkişaf istiqamətlərini müəyyənləşdirdiniz. 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratmaqla mediaya dövlət dəstəyini sistem halına saldınız. Hətta son illər dünya iqtisadi böhranı, neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən də mediaya dövlət dəstəyini dayandırmadı, əksinə, daha da artırdı.

2005-ci ildən başlayaraq Milli Mətbuat Günü dövlət səviyyəsində qeyd olunur, redaksiyalara yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları ilə təltif edilir, onlara fəxri adlar verilir.

2010-cu ildə jurnalistlər üçün bina tikilməsi haqqında məlum Sərəncamınız isə yüzlərlə mətbuat işçisinin, onların ailələri və yaxınlarının ümidsizliyinə son qoyub. Xidməti və təcrübəsi olan yüzlərlə jurnalist həmkarımız yaşayıb işləmək üçün ən mühüm ehtiyac baryerini bilavasitə Sizin dəstəyinizlə keçərək mənzillə təmin olunublar.

İyulun 20-də daha 255 jurnalisti mənzillə təmin edərək, onlara həyatlarının ən xoşbəxt günlərini yaşatdınız. Özüm də daxil olmaqla, rəhbərlik etdiyim “Kaspi” qəzetinin 3 əməkdaşı – Təranə Məhərrəmova və Fərid Hüseynov da bu sevinci yaşayanlardan oldular. Bir daha qəzetimizin evlə təmin olunan əməkdaşları adından Sizə dərin təşəkkürümü bildirirəm.

İnanırıq ki, Sizin uğurlu və ali məqsədə xidmət edən bu nəcib təşəbbüsünüz davamlı olacaq. Azərbaycanda dövlətinə, xalqına xidmət edən həqiqi jurnalistlər evsiz qalmayacaqlar".

Şamxal Həsənli - “Xəzər TV” MMC-nin prezidenti

"Hörmətli cənab Prezident,

Milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində kütləvi informasiya vasitələrinin daha 255 əməkdaşının mənzil-məişət şəraiti yaxşılaşdırılaraq, sosial müdafiəsi gücləndirildi. Mənzil sahibi olan media nümayəndələri arasında “Xəzər” Televiziyasının da altı əməkdaşı var.

Cənab Prezident, Siz bu nəcib addımınızla, jurnalistlər üçün tikilmiş birinci binanı da nəzərə alsaq, təxminən 400 media işçisini isti yuva sahibi etdiniz. Bununla kiyafətlənməyərək növbəti 255 mənzilli binanın da təməlini atdınız. Məhz Sizin təşəbbüs və qətiyyətiniz sayəsində boş bir ərazi artıq “Jurnalistlər şəhərciyi”nə - yeni bir mərkəzə çevrilir.

Möhtərəm Prezident, Siz dünyada bənzəri olmayan belə bir təcrübəni Azərbaycanda tətbiq etməklə ölkədəki yüzlərlə jurnalistə və onların ailələrinə sevinc bəxş etdiniz.

“Xəzər” Televiziyasının çoxsaylı kollektivi olaraq Sizə dərin minnətdarlığımızı bildirir və söz veririk ki, dövlətimizin və dövlətçiliyimizin qorunmasında bundan sonra da səylərimizi əsirgəməyəcəyik.

Cənab Prezident, əmin olun ki, özünüzə köməkçi bildiyiniz bizlərə, yəni jurnalistlərə daim güvənə bilərsiniz".

İlqar Hüseynov - “Kaspiy” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist

"Hörmətli cənab Prezident,

Son günlər Azərbaycan jurnalistləri üçün son dərəcə dolğun və müsbət keçib. Ölkədə şəxsən Sizin iştirakınızla o qədər əhəmiyyətli və xoş hadisə baş verib ki!

Siz Milli Mətbuat Günü ərəfəsində 255 jurnalistə böyük xoşbəxtlik bəxş etdiniz. Bu, əsası böyük maarifpərvər Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli jurnalistikanın tarixi ənənələrinə və ümummilli lider Heydər Əliyevin həmişə bizə göstərdiyi diqqət və qayğıya dərin hörmətin bariz nümunəsidir.

Uzun onilliklər KİV-lərdə işləmiş milli jurnalistika veteranlarına və bu xoşbəxt günü görə bilməyənlərin ailələrinə mənzillərin verilməsi böyük stimula və unudulmaz sevincə çevrilib. Heç gözləmədikləri halda başlarının üstündə dam olmasının, çoxillik zəhmətlərinin hədər getməməsinin, dövlət tərəfindən ən yüksək səviyyədə və ən yaxşı şəkildə qiymətləndirilmələrinin onlarda doğurduğu sevinc, sabahkı günə inam və rahatlıq hissi hamımıza aydındır.

Cənab Prezident, Sizin, sözün əsl mənasında, bu böyük hədiyyəniz jurnalistləri çoxillik sıxıntılardan qurtararaq, həmkarlarımız üçün çoxsaylı çətin problemləri birdəfəlik həll etdi. Zarafat deyil, İKİ YÜZ ƏLLİ BEŞ ailə Azərbaycan paytaxtının seçilən, Xəzərə mənzərə açılan rayonlarından birində əsaslı təmir olunmuş rahat, təmiz, işıqlı və geniş mənzillərlə təmin edildi. Onların arasında rus dilində çıxan “Kaspiy” qəzetinin üç əməkdaşı da var.

Möhtərəm Prezident, bu, Azərbaycan dövlətinin və şəxsən Sizin jurnalist əməyini necə qiymətləndirməyinizin, bizim problemlərimizə necə anlayış və həssaslıqla yanaşmağınızın əyani təsdiqidir.

Siz Jurnalistlərin Dostu adını şərəflə daşıyırsınız. Bizim xalqımız və bütün dünya üçün bu, bütün mənalarda nümunəvi dövlət başçısının sözü ilə əməlinin üst-üstə düşməsinin, “Azərbaycanın hər bir vətəndaşının Prezidenti olmaq” vədinin Sizin tərəfinizdən həyat prinsipi səviyyəsinə yüksəldilməsinin parlaq nümunəsidir. Bu, Sizə ümumxalq hörməti qazandıran, həmçinin işğal altındakı torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağı günün uzaqda olmaması barədə bizdə qəti əminlik hissi yaradan ali keyfiyyətlərinizdən yalnız biridir. Bu və digər keyfiyyətləriniz beynəlxalq arenada da Sizə dərin hörmət qazandırıb. Sizin hər bir ədalətli və qətiyyətli çıxışınız xalqın nüfuzunu daim artırır.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, ölkəmizin erməni təcavüzü ilə üzləşdiyi bu ağır şəraitdə biz ideoloji cəbhənin layiqli nümayəndəsi olmaq üçün bundan sonra da maksimum qüvvə və səylə işləyəcəyik. Xarici ölkələrdə də yayılan rusdilli “Kaspiy” qəzeti Azərbaycanın davamlı inkişafı çərçivəsində Sizin tərəfinizdən qarşıya qoyulan bütün strateji və taktiki məsələlərin həllində daim Sizə kömək edəcək.

Hörmətli cənab Prezident, icazə verin, bir daha Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya böyük minnətdarlıq və dərin hörmət hissimi ifadə edim".

Elçin Mirzəbəyli - “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

"Hörmətli cənab Prezident,

Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd olunması, mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla, orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına birdəfəlik maddi yardımın ayrılması, eləcə də media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığınız sərəncamlar Sizin Azərbaycan mətbuatına, jurnalist əməyinə, söz və fikir azadlığına verdiyiniz yüksək qiymətin bariz nümunəsidir.

Cənab Prezident, Sizin Sərəncamınızla inşa edilən binada mənzil alan media təmsilçilərinin sırasında “Xalq Cəbhəsi” qəzetinin əməkdaşlarının – Arzu Şirinova və Mahir Zeynalovun adının olması bizi qürurlandırdı. Göstərdiyiniz yüksək etimada və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Bu etimada layiq olmaq üçün bacarığımızı əsirgəməyəcək, Sizin jurnalistlər üçün inşa edilən ikinci binanın açılışı zamanı səsləndirdiyiniz tövsiyələrə uyğun olaraq milli-mənəvi dəyərlərimizi, dövlət və milli maraqlarımızı hər zaman üstün tutacaq, göstərdiyiniz strateji hədəflərə çatmaq üçün yorulmadan fəaliyyət göstərəcəyik".

Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru

"Möhtərəm cənab Prezident,

Sizi “İki sahil” qəzetinin kollektivi adından növbəti dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməyiniz münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə yeni və daha möhtəşəm uğurlar arzulayırıq. Siz jurnalistlərin dostu və himayədarısınız. Biz jurnalistlər bu diqqət və qayğını gündəlik həyatımızda, yaradıcılıq fəaliyyətimizdə hiss edirik. Təbii ki, bu xoş ənənənin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda Sizin tərəfinizdən uğurla davam etdirilir.

Cənab Prezident, Sizin Sərəncamınızla jurnalistlər üçün növbəti yaşayış binasının açılış mərasimi keçirildi və 255 həmkarımız dövlət tərəfindən mənzillə təmin edilərək böyük sevinc, qürur hissi yaşadı. Bu möhtəşəm layihənin təşəbbüskarı və rəhbəri Sizsiniz. Məhz Sizin diqqət və qayğınız sayəsində jurnalistlərimiz səmərəli fəaliyyətlərinə görə fəxri adlarla təltif edilir, KİV-in maddi-texniki bazasını daha da gücləndirmək məqsədilə birdəfəlik yardımlar ayrılır.

Möhtərəm Prezident, Sizi əmin etmək istəyirik ki, 26 illik fəaliyyətində dövlətçilik və milli maraqları rəhbər tutan “İki sahil” qəzeti bundan sonra da bu müqəddəs amallara sadiq qalacaq. Qeyd etdiyiniz kimi, biz jurnalistlər Sizin köməkçilərinizik və hər zaman Sizin rəhbərliyiniz ilə Azərbaycanın uğurlu, parlaq gələcəyinə hesablanmış çoxşaxəli siyasətə öz töhfəmizi verəcəyik".

Yaqubov Hikmət Əlisgəndər oğlu - AzTV-nin bədii rəhbəri, Əməkdar Mədəniyyət İşçisi

"Möhtərəm cənab Prezident,

Dövlətimiz tərəfindən evlə təmin olunmağım həyatımın ən böyük fəxarət və qürur anıdır. Prezidentimin məni jurnalistlər üçün tikilən binadan mənzillə təmin etməsi ailəmin və valideynlərimin sonsuz sevincinə səbəb olub.

Prezidentimizin atdığı bu nəcib və humanist addımların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də layiqincə davam etdirilir.

Zati-aliləri, Allahdan Sizə və ailənizə cansağlığı arzulayıram. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Vətənimizin çiçəklənməsi yolundakı yorulmaz fəaliyyətində uğurlar diləyirəm. Fürsətdən istifadə edib, Sizi “Jurnalistlərin dostu” mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirəm".

Afiq Mirzə (Mirzəbəyli) Yelmar oğlu - “Reytinq” qəzetinin baş redaktoru

"Cənab Prezident,

22 İyul – Milli Mətbuat Günü ərəfəsində 255 jurnalisti mənzillə təmin etdiyinizə görə Sizə təşəkkür edirəm. Kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstəyinizi, media işçilərinə qayğı və diqqətinizi hər kəs kimi mən də alqışlayıram.

Mənzil şəraiti ağır olan bir çox jurnalisti evlə təmin etdiniz. Bu, təbii ki, özümlə bərabər, illərdir kirayələrdə yaşayan çoxsaylı jurnalistlərin də sevincinə səbəb oldu. Sevinənlərdən biri də “Reytinq” qəzetinin baş redaktor müavini Fazil Əhməddir. O da, mənzillə təmin edildi. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, media işçiləri üçün 255 mənzilli üçüncü binanın təməlinin atılması da müsbət addımdır. Üstəlik, bu mənzillərin tikintisi üçün maliyyə vəsaitinin ayrılması barədə Sərəncamınız cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Siz bununla evə ehtiyacı olan jurnalistləri kirayə qayğısından qurtarırsınız. Buna görə öz adımdan və rəhbəri olduğum kollektiv adından Sizə dərin təşəkkürümü bildirirəm".

Xayrulin Fərid Həbibulla oğlu

"Çox hörmətli cənab Prezident.

Əməyimi yüksək dəyərləndirdiyinizə - jurnalistlər üçün tikilmiş binada mənə mənzil verdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Mən bunu 70 illik yubileyimə çox qiymətli hədiyyə hesab edirəm.

Cənab Prezident, mənə həyatımın ən böyük sevincini yaşatdığınıza görə Sizə bir daha ürəkdən təşəkkür edirəm".

Səxavət Məmmədli - “Həftə içi” qəzetinin bölgə müxbiri, Fəxrəddin Rəhimov - “İşıq” qəzetinin redaktor əvəzi, Qaçay Həsənli - “Dünya və biz” jurnalının əməkdaşı, Fərhad Səlimov - “Təzadlar” qəzetinin müxbiri və başqaları

"Hörmətli cənab Prezident,

Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz fəaliyyət, qazandığınız uğurlar bizi ürəkdən sevindirir. Daha 255 jurnalistin mənzillə təmin olunması və Sizin jurnalistlərin dostu elan edilməyiniz cəmiyyətlə Prezident arasındakı qarşılıqlı və səmimi münasibətin təzahürüdür. Sizin media işçilərinə olan xeyirxah münasibətiniz hamı kimi Şirvan şəhərində yaşayan və fəaliyyət göstərən jurnalistlərin də ürəyincədir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində son vaxtlar Şirvan şəhərində həyata keçirilən uğurlu layihələr şəhər sakinləri tərəfindən razılıqla qarşılanır. “Cənub” İstilik Elektrik Stansiyasının, Bayraq Meydanının, Olimpiya İdman Kompleksinin, Müalicə Diaqnostika Mərkəzinin tikintisi, əlil və şəhid ailələri üçün 129 mənzilin inşası, mərkəzi şəhər xəstəxanasının, mədəniyyət mərkəzinin əsaslı təmiri, 15 mindən çox yeni iş yerinin açılması, genişmiqyaslı abadlıq-quruculuq işləri Sizin diqqətiniz sayəsində mümkün olub.

Bu il iyunun 23-də Şirvan şəhərinə səfəriniz çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsindəki açılışında iştirak etməyiniz, 52 binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan Şirvan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayırmağınız da bizə olan diqqət və hərtərəfli qayğının bir hissəsidir.

Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edirik".

Aslan Aslanov - AZƏRTAC-ın kollektivi adından

"Zati-aliləri, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş mətbuata dövlət qayğısının Sizin müdrik rəhbərliyinizlə uğurla davam etdirilməsi nəticəsində KİV-in inkişafı, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Mətbuat işçiləri üçün iki yaşayış binasının tikilməsi və üçüncü binanın təməlinin qoyulması ölkəmizdə bu sahəyə ən yüksək diqqət və qayğının parlaq nümunəsi olmaqla yanaşı, media işçilərini daha şövqlə işləməyə ruhlandırır. Bu, Sizin dünyada analoqu olmayan çox nəcib təşəbbüslərinizdən biridir.

Möhtərəm cənab Prezident,

Sizin mətbuat, söz və fikir azadlığının inkişafına ali diqqət və qayğınızdan hərtərəfli şəkildə bəhrələnən AZƏRTAC qarşısına qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışır, müdrik siyasətiniz nəticəsində qazanılan uğurlar barədə xəbərləri dünya miqyasında geniş yaymaqdan qürur duyur. Siz kollektivimizin fəaliyyətini daim layiqincə qiymətləndirir, agentliyimizin əməkdaşlarını yüksək fəxri adlar, orden və medallarla təltif edirsiniz. Jurnalistlər üçün inşa edilən ikinci binadan AZƏRTAC-ın bir qrup əməkdaşına mənzillərin verilməsi bu diqqət və qayğının növbəti təzahürüdür.

Əziz Prezidentimiz, ölkə mediasının 255 nümayəndəsinə, o cümlədən AZƏRTAC-ın əməkdaşlarına yaşatdığınız bu sevincə görə agentliyimizin kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, dövlətimizin və xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Allah Sizi qorusun!"

Ağahüseyn Şükürov

"Möhtərəm cənab Prezident, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq Siz dünyada yaşayan bütün azərbaycanlıların güvən yeri, hər təbəqədən olan insanların böyük qayğıkeşi və hamisisiniz. Biz bunu öz gündəlik həyatımızda daim hiss edirik. Bu bir həqiqətdir ki, Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə inkişaf edir, möhkəmlənir. Biz bu ölkədə yaşayıb–yaratmağımızla fəxr edir, sizinlə qürur duyuruq.

Jurnalistika sahəsində çalışan yüzlərlə həmkarım kimi, media işçiləri üçün inşa olunan ikinci binada mənə də ev hədiyyə etməyiniz bizi hədsiz dərəcədə sevindirdi. Bu gün ailə üzvlərimin sevincinin həddi-hüdudu, tələbə və məktəbli övladlarımın uçmağa qanadı yoxdur.

Cənab Prezident, ailə üzvlərim və qohumlarım adından Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizə və ailə üzvlərinizə həmişə şad və xeyirli günlər qismət eləsin! Allah Sizi daim sevindirsin! Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! Allah Sizi qorusun!"

Rəsulova Firuzə Həmdəm qızı

"Möhtərəm cənab Prezident, dövlət başçısından mənzil hədiyyə almaq hər bir jurnalist üçün çox böyük sevinc, şərəf və qürurdur. Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün tikdirdiyiniz ikinci binadan mənə də mənzil hədiyyə etdiniz. Bu, misilsiz hədiyyədir. Bir insanın ən zəruri ehtiyacının – mənzilə olan tələbatının ödənilməsi, əlbəttə, xoşbəxtlikdir. Bu xoşbəxtliyi bəxş edənin savabı isə sonsuzdur. Siz bu savabı qazandınız. İllərlə mənzil gözləyənlərin xəyalını gerçəyə çevirdiniz. Artıq onların da hər gün qapısını ürəklə açacağı, içində rahatlıq tapacağı, məişət qayğısına boğulmadan öz yazı-pozusu ilə məşğul olacağı evi var! Üstəlik, “Bu ev, bu mənzil Prezidentimin hədiyyəsidir” deyə fəxarət duyğusu var. Bu bəxtiyarlıq bir ömür boyu unudulmayacaq. Mənzillərin təqdimat günündə gözlərdəki sevinc, üzlərdəki gülüş, dillərdəki dua bunu söyləyirdi. Bu dualar hər gün “Jurnalist şəhərciyi”ndəki gözəl mənzillərin geniş pəncərələrindən də sonsuzluğa ucalacaq. Bunun mənəvi anlamı qat-qat böyükdür, mənəvi dəyəri maddi dəyərini çox-çox üstələyir. Bu, insanın, insanlığın, onun sabahının, bütövlükdə Azərbaycanın gələcəyinin qayğısını çəkməkdir!

Təşəkkürlər, möhtərəm Prezidentimiz! Sizə bir minnətdarlıq borcumuz var. Minnətdarlığımızı qəbul edin. Tanrı Sizi, Azərbaycanımızı və xalqımızı qorusun!

Quliyev Bəhruz - “Səs” qəzetinin baş redaktoru

Möhtərəm cənab Prezident,

“Səs” qəzetinin kollektivi olaraq, ilk növbədə, Sizi növbəti dəfə “Jurnalistlərin dostu” adına layiq görülməyiniz münasibətilə təbrik edirik. Belə ki, ölkəmizin bütün media təmsilçiləri Sizi özlərinə dost biliblər və bu dostluğun təməli hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ulu öndər daim mətbuata ata qayğısı göstərərək, KİV-lərin inkişafı üçün mühüm qərarlar və tapşırıqlar verib. Bu gün isə həmin ənənə Sizin rəhbərliyiniz, diqqət və qayğınız nəticəsində tərənnüm olunmaqdadır.

Zati-aliləri,

Jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin mənzil-məişət problemlərinin aradan qaldırılması istiqamətində dünyada analoqu olmayan sərəncamların imzalanması bu gün ölkəmizdə mətbuatın dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir. Ənənə şəklini almış bu cür ardıcıl töhfələr, media nümayəndələrinə verilən mənzillər, atılan hər bir addım bizlərin – jurnalistlərin böyük sevincinə səbəb olur.

Möhtərəm Prezident,

Ulu öndər Heydər Əliyevin ən sevimli qəzeti olaraq tarixə düşmüş “Səs”çilər də Sizin qayğınızdan fərəh və qürur hissi keçirir, fəaliyyətinizdə uğurlar və yeni-yeni zəfərlər arzulayır, sonsuz minnətdarlığımızı bildiririk.

Çox sağ olun, cənab Prezident!"

Azər Həsrət Hacıqulu oğlu - Əməkdar Jurnalist

"Hörmətli cənab Prezident,

Sizə bir daha dərin minnətdarlıq hissi ilə təşəkkür etmək istəyirəm ki, 22 iyul - Milli Mətbuat günü ərəfəsində 255 jurnalist həmkarımızı mənzillə təmin edərək ailələrinə sevinc bəxş etdiniz. Sizin bu xalqyönümlü humanist əməyiniz bir daha təsdiq edir ki, hər bir azərbaycanlının Prezidenti olacağınızla bağlı verdiyiniz söz sadəcə söz deyil. Siz biz jurnalistlərin yaxın dostu, ən çətin anlarımızda himayədarımızsınız. Biz Azərbaycan jurnalistləri istər ölkə içində, istərsə də ölkədən xaricdə olanda həmişə özümüzü yalnız ona görə güvəndə hiss edirik ki, arxamızda məhz Sizin kimi Prezident dayanır. Biz həmişə Sizi özümüzə güvən yeri, dayaq bilmişik və buna görə də heç vaxt yanılmamışıq. Ona görə də, izn verin, jurnalistlər üçün tikdirdiyiniz 2-ci binanın təhvil verilməsi və 3-cü binanın təməlinin atılması münasibətilə Sizə dərin təşəkkürümü ifadə edim. Biz Sizinlə fəxr edirik, qürur duyuruq.

Biz Sizi özümüzə hər zaman ən yaxın dost kimi görürük. Buna görə də Sizin siyasətinizi bundan sonra da tam gücümüzlə dəstəkləməyə davam edəcəyik. Yeri gəlmişkən, düz 2 il öncə bu günlərdə məni Əməkdar Jurnalist fəxri adı ilə təltif etdiyinizə görə Sizə təkrar təşəkkür etmək istərdim".

Şəmsivari İndira İslam qızı - Sumqayıt şəhəri

"Möhtərəm cənab Prezident,

Sizi çox sevirik! Allah Sizi qorusun! Media nümayəndələrinə bağışladığınız o evləri görəndə, orada yaşayacaq insanların sevincini izləyəndə, dostlarla paylaşanda kövrəldim. Mənzil almağın sevinc hissini yaşamağın nə olduğunu yaxşı bilən bir insan kimi Tanrıma dua etdim ki, Siz daim sağlam və güclü olasınız ki, dünyanın bu böhranlı vaxtında, bax beləcə, atasına layiq oğul kimi, xalqınıza daim xidmət edəsiniz.

Əziz Prezidentimiz, Siz dünyada qüdrətli dövlətlərin öz vətəndaşına edə bilmədiyi xeyirxah işləri xalqınıza edirsiniz. Allah Sizi və sevdiklərinizi qorusun! Qəlbim fəxarətlə doludur. Bilirəm ki, Sizin kimi lideri Tanrı da sevir. Uca Yaradan Sizə yardımçı olsun!

Mən Açıq hökumətin təşviqi Milli Fəaliyyət Proqramı çərçivəsində bütün regionlarda çıxış edərək, Sizin xalqımıza göstərdiyiniz böyük və fədakar xidmətlərdən danışıram. Sizin öz xalqınızın həyatını asanlaşdırmaq üçün atdığınız qətiyyətli addımlardan söz açır, bölgələrdə bu Proqramdan sadə əhalinin necə faydalanmasını başa salırıq.

Tanrıya Heydər Əliyevi, Sizi bizə bəxş etdiyi üçün dualar edirik. Siz bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut etmisiniz. Övladınız Heydər İlham oğlu Əliyevi də özünüz kimi, millətimizə xeyirli bir övlad kimi böyütmüsünüz. Allah Sizi qorusun!"

Ləman Ağayeva - Sumqayıt şəhəri

"Salam cənab Prezident,

Milli Mətbuatımızın 142 illiyi münasibətilə daha 255 jurnalist ailəsinə sevincli anlar yaşatdınız. İnsanları, sözün həqiqi mənasında, xoşbəxt etdiniz. Dünyanın heç bir ölkəsində, həm də qlobal böhranlar dövründə jurnalistlər bu qədər diqqət və qayğı ilə əhatələnməyib. Həmin sevincdən bizim ailəyə də pay düşdü. Anam Aida Eyvazovanın 35 illik jurnalist fəaliyyətini dəyərləndirdiniz. Ailəmizə yaşatdığınız bu sevincə görə doğmalarım və dostlarım adından Sizə dərin minnətdarlığımı bildirirəm və əminəm ki, o mənzillərdən hər zaman sevinc-şadlıq səsi gələcək. Sizi hər zaman dəstəkləyir və sevirik. Tanrı Sizi qorusun!"

Yolçuyev Əkbər Mehdi oğlu (Ə.Qoşalı)

"Möhtərəm cənab Prezident,

Siz bu gün bizlərin öz keçmişinə unudulmaz gün əlavə etdiniz. Bu günü bizlərə bəxş etdiyiniz üçün Sizə ürək dolusu minnətdaram! Siz yalnız jurnalistlər üçün ev tikdirmirsiniz, Siz ümumən qurucu lidersiniz! Jurnalistlər evində yaşamağın mənəvi dəyəri, maddi dəyərindən çox yüksəkdir. Biz, Sizin jurnalistlərə qayğınızı, mediamızın inkişafını ölkəmizin ümumi inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi qəbul edirik. Sizin sərəncamlarınız, qəbul etdiyiniz proqramlar, verdiyiniz tapşırıqlar əsasında ayrı-ayrı sənət-peşə sahibləri, müharibə veteranları, şəhid ailələri, qaçqın və məcburi köçkün vətəndaşlarımız, sosial müdafiəyə ehtiyacı olan ailələr, gənclər, idmançılar evlə təmin olunur və bu proses məqsədəuyğun şəkildə davam edir.

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi”nin qəbulunu, Yasamal yaşayış kompleksinin tikintisini qeyd etmək yetərlidir ki, toxunulan mövzuya Sizin nə qədər hərtərəfli yanaşdığınız bariz şəkildə görünsün. Beləliklə, paytaxtımızda daha 255 yeni mənzilin işığı yanacaq! 255 mənzilin pəncərəsindən gülüzlü Azərbaycan körpələrinin, gənclərimizin üzünə Səbail Günəşi düşəcək. Neçə ailə kirayədən, yataqxanadan, hansısa ucqardakı təmirsiz mənzildən, sözün həqiqi mənasında, aydınlığa çıxacaq. Bu işıqlanmanın, aydınlanmanın memarı Sizsiz, cənab Prezident!

Bir daha Sizə könül dolusu minnətdarlığımızı yetirir, şərəfli işinizdə uğurlar diləyirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti