...

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

Siyasət Materials 25 İyul 2017 18:16 (UTC +04:00)
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.
Hacıqabul Sənaye Məhəlləsi yaradılır

Bakı. Trend:

Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsi yaradılsın.

Müəyyən edilir ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır; Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunur.

Nazirlər Kabinetinə tapşırılır ki, Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün Hacıqabul rayonu ərazisində 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün; Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi və istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin; Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Hacıqabul Rayon İcra Hakimiyyəti sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırmalıdır.

Sərəncama əsasən Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 4,0 (dörd) milyon manat ayrılır.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti