...

Oqtay Əsədov Koreya Milli Assambleyasının sədr müavini ilə görüşüb

Siyasət Materials 6 Sentyabr 2017 19:51 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oqtay Əsədov Koreya Milli Assambleyasının sədr müavini ilə görüşüb

Bakı. Trend:

Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, spiker bildirib ki, bu cür səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Sədr Koreya Respublikasına səfərlərini xatırlayaraq, bu ilin iyun ayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsində iştirakından danışıb, səfər çərçivəsində koreyalı həmkarları ilə keçirdiyi görüşləri yüksək dəyərləndirib.

O.Əsədov avqustda Bakıda keçirilmiş Dünya Skaut Komitəsinin 41-ci Konfransında və 13-cü Dünya Skaut Gənclər Forumunda iştirak edən koreyalı deputatların Milli Məclisdə də olduqlarını vurğulayaraq, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin hər iki tərəf üçün faydalı olduğunu söyləyib.

Spiker münasibətlərimizin dərinləşməsində prezidentlərin rolunu xüsusi qeyd edərək, onların görüşləri zamanı aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verdiyini deyib.

Söhbətdə bildirilib ki, iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün hər iki ölkənin geniş potensialı var. Bu gün Samsunq, LG, Hyundai kimi Koreya şirkətləri ölkəmizdə səmərəli fəaliyyət göstərir. Biz bu ölkənin Azərbaycanda peşə tədrisinə verdiyi dəstəyi yüksək qiymətləndiririk.
Parlamentlər səviyyəsində münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini söyləyən O.Əsədov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib; deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb.

Bildirilib ki, bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri vasitəsi ilə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Gələcəkdə TAP və TANAP qaz kəmərlərinin reallaşması isə ölkəmizin Avropa üçün əhəmiyyətini daha da artıracaq.

Sədr qeyd edib ki, Azərbaycan həm də mühüm nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak edir. O, ölkəmizin Qədim İpək Yolunun bərpasındakı rolundan, bu sahədə mühüm addım kimi Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişindən, Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında iştirakından söz açıb. Qeyd edilib ki, bu cür layihələr Koreya Respublikası üçün də iqtisadi baxımdan çox əhəmiyyətli ola bilər.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən danışan sədr fevral ayında Koreya Milli Assambleyasında Xocalı soyqırımına həsr olunmuş fotosərginin keçirilməsini çox önəmli hesab edib. Qeyd edilib ki, biz ümidvarıq ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin müzakirəsi zamanı Koreya tərəfi bu məsələyə həssaslıqla yanaşacaq və Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək.

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Pak Cu-sun Azərbaycana ilk dəfə səfər etdiyini, burada gördüklərindən və aparılan danışıqlardan razı qaldığını söyləyib. Qeyd edilib ki, bu səfərin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır. Biz qarşıdan gələn növbəti 25 il üçün də fəaliyyət proqramı üzərində düşünməliyik; Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir.

Qonaq ölkələrimiz arasında münasibətlər barədə ətraflı məlumat verdiyinə görə sədrə təşəkkür edərək, iqtisadiyyatın ən müxtəlif sahələrində, o cümlədən turizm sahəsində münasibətlərimizi dərinləşdirmək üçün geniş imkanlar olduğunu söyləyib. O, Bakıda keçirilən Dünya Skaut Komitəsinin toplantısında Azərbaycanın Koreya Respublikasına verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Qəbulda siyasi, parlamentlərarası, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Malik Həsənov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti