...

Prezident İlham Əliyev 239 və 162 nömrəli məktəblərdə əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 11 Sentyabr 2017 10:07 (UTC +04:00)
Prezident İlham Əliyev Səbail rayonundakı 239 və 162 nömrəli məktəblərdə əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev 239 və 162 nömrəli məktəblərdə əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məktəbin binasında görülən işlər barədə məlumat verdi.

Məktəbin əsas korpusu 1960-cı ildə, ikinci korpusu isə 2007-ci ildə inşa olunub. Hər iki korpusda yenidənqurma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Məktəbdə 53 sinif, 2 informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları, hərbi otaq və kitabxana var. Təhsil ocağında, həmçinin “Sağlam təhsil” və tibb otaqları da yaradılıb. Sinif otaqlarının hamısı zəruri tədris vəsaitləri ilə təchiz edilib. Hazırda məktəbdə 1180 şagird təhsil alır. Təhsil müəssisəsində şagirdlərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Təmir işləri çərçivəsində idman zalı və idman meydançası da yüksək səviyyədə yenidən qurulub.

Azərbaycanda təhsil sahəsində aparılan islahatların əsasını “Təhsil millətin gələcəyidir”, - deyən ümummilli lider Heydər Əliyev qoyub. Ulu Öndərin bu sahədə başladığı siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, təhsil sferasını yeni inkişaf mərhələsinə çıxarıb. Son illər ölkəmizdə təhsillə bağlı mühüm tədbirlər həyata keçirilib, Azərbaycan Prezidenti tərəfindən yeni dövlət proqramlarının qəbul edilməsi haqqında sərəncamlar imzalanıb. Yeni məktəb binalarının inşası və mövcudlarının müasir səviyyədə yenidən qurulması Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısının bir hissəsidir. Belə layihələrin icrası şagirdlərə müasir sinif otaqlarında təhsil almaq, müəllimlərə isə yüksək iş şəraitində tədrislə məşğul olmaq imkanı yaradır.

Yenidənqurma zamanı 239 nömrəli məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

Məktəbin binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

X X X

Sentyabrın 11-də Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi.

Bu məktəbin böyük tarixi keçmişi var. Belə ki, təhsil ocağı 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəbin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib.

Dövlətimizin başçısı sinif otaqlarında yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısının nəticəsidir ki, son illər ərzində Azərbaycanın hər yerində olduğu kimi, paytaxtın Səbail rayonunda da təhsil müəssisələri, onların əsaslı təmiri və təchizatı sahəsində böyük işlər görülüb. Bu ilin yay aylarında da rayondakı 2 orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Onlardan biri 162 nömrəli tam orta məktəbin binasıdır. Məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsi lazımi avadanlıqla tam təchiz olunub.

Dövlətimizin başçısı məktəbdə yaradılan “Eko sinif”lə də tanış oldu. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb.

Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.

Fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti