...

Millət vəkili: Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Ermənistana ciddi xəbərdarlıq etdi

Siyasət Materials 21 Sentyabr 2017 20:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında təcavüzkar Ermənistana ciddi xəbərdarlıq etdi.
Millət vəkili: Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Ermənistana ciddi xəbərdarlıq etdi

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında təcavüzkar Ermənistana ciddi xəbərdarlıq etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Millət vəkili qeyd edib ki, Prezidentin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı çox maraqla qarşılanıb: "Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü qeyd edərək Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsindən danışıb və bu cür layihələrin ölkəmizdə davam etdiyini bildirib".

R.Əliyev bildirib ki, dövlət başçısı öz çıxışında Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti bir daha dünya ictimaiyyətinin nəzərinə çatdıraraq qeyd edib ki, 25 ildən çoxdur Ermənistan Azərbaycan ərazilərinin 20 faizini – Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal altında saxlayır:

"1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ermənistan 24 ildir ki, bu qətnamələrə məhəl qoymur və əfsuslar olsun ki, o buna görə cəzalandırılmır. Prezident qeyd edib ki, bəzi hallarda BMT-nin qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standartlara əsaslanan yanaşmadır".

Deputat əlavə edib ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı Ermənistana qarşı sanksiyaların qəbul edilməsinin zəruriliyini vurğulayıb: "Dövlət başçısı bu çıxışında dünya ictimaiyyətinin diqqətini bir daha bu münaqişəyə yönəltdi, eyni zamanda təcavüzkar Ermənistana ciddi xəbərdarlıq edərək bildirdi ki, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin Xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq.

Prezident İlham Əliyev öz çıxışında müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etdiyindən, böyük uğurlar əldə etdiyindən danışaraq qeyd edib ki, Azərbaycanın sürətli inkişafı bir daha göstərdi ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduqda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti