...

Azərbaycan Prezidenti Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub (FOTO)

Siyasət Materials 24 Sentyabr 2017 12:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Prezidenti Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Son illərdə ölkəmizdə səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcudlarının əsaslı bərpası geniş vüsət alıb. Neftçala Mərkəzi Rayon Xəstəxanasının binasının yenidən qurulması da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir. Bu səhiyyə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən istifadəsinə kömək edəcək.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, xəstəxananın binası 1989-cü ildə inşa olunub. Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb.

Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya, reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir.

Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımdan bəhrələnməsini təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Bütün bunlar həm də onu göstərir ki, son illərdə səhiyyə sahəsində yaşanan genişmiqyaslı dəyişiklik bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər bu kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti