...

Əli Həsənov: Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib (YENİLƏNİB-7) (FOTO)

Siyasət Materials 6 Oktyabr 2017 11:18 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilir.
Əli Həsənov: Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib (YENİLƏNİB-7) (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilir.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, media rəhbərləri və digər qonaqlar iştirak edirlər.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində siyasətində yer alan əsas məqamlara toxunaraq bildirib ki, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir: “Həqiqətən də Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib: “Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib”.

Ə.Həsənov əlavə edib ki, Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olub. Fərmanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb: "Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi oldu. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib”.

Ə.Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl davam etdirir: “Cənab Prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidentinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb”.

Prezidentin köməkçisi deyib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: “Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur”.

Onun sözlərinə görə, təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb: “Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib”.

Ə.Həsənov bildirib ki, Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır: “Biz bu gün teleradio məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı və bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”.

Daha sonra çıxış edən N.Məhərrəmli deyib ki, MTRŞ yarandığı ilk gündən ana dilinin televiziya və radio kanallarında istifadəsini diqqətdə saxlayıb. O bildirib ki, 2003-cü ildə televiziya kanallarında monitorinq apararkən Azərbaycan dilində olan verilişlərin həcminin 50 faizdən az olduğu ortaya çıxdı, lakin sonra görülən tədbirlər nəticəsində Azərbaycan dilli verilişlərin həcmi 75 faizə qədər artırıldı: “Sonrakı mərhələdə aparılan işlər nəticəsində Azərbaycan dilli verilişlərin həcmi 100 faiz oldu. Daha sonrakı mərhələdən isə - 2011-ci ildə dilçi alimlərlə yanaşı, MTRŞ tele-radio məkanında ədəbi dilin normaları ilə bağlı monitorinqlər aparmağa başladı. Bu monitorinqlərin nəticələri narahatedici idi və ona görə də mütəmadi olaraq monitorinqlər davam etdirilir”.

N.Məhərrəmlinin sözlərinə görə, birinci narahatlıq doğuran məsələ məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsidir. O qeyd edib ki, tele-radio məkanında məişət dilindən istifadə olunur: “Bu, ciddi məsələdir. Ədəbi dil normaları hər hansı bir bölgənin ləhcəsi əsasında qurulmayıb. Çox təəssüf ki, bəzən özəl televiziya kanallarında bu qaydalar kobud şəkildə pozulur. Televiziya və radio kanalları bu barədə ciddi düşünməli və daxili nəzarəti gücləndirməlidirlər. Digər bir problem isə televiziyalarda əcnəbi sözlərin işlənməsidir. Daha çox ümumxalq danışıq dilində əcnəbi dillərdən keçən sözlərin sayı artmaqdadır. Bəzən bizim aparıcılarımız özünü daha savadlı, müasir göstərmək üçün əcnəbi sözlərdən istifadə edirlər, lakin bu, əks effekt verir. İnsanlarımız xaricdə təhsil alıb gələrkən ana dilini unudurlar ki, bu da yolverilməzdir".

MTRŞ sədri deyib ki, bizi narahat edən məqamlardan biri də aparıcıların vurğu məsələsində diqqət yetirməməsidir: "Bəzən vurğu yerində deyilməyəndə, tamaşaçı onu qavramır. Monitorinqin nəticələrinə görə, ən çox pozulan fonetik normalarıdır. Burada əsas məsuliyyət xəbər və informasiya verilişlərinin diktorlarının üzərinə düşür. Verilişdə diktor mətni oxuyarkən fonetik qaydalara əməl etmirlər. Sürətli danışıq problemi də bu gün aktualdır. Sanki xarici kanallardan götürüb bizdə tətbiq edirlər. Sürətli danışıq tamaşaçıya onu qavramaqda çətinlik törədir. Reklamla bağlı vəziyyət isə daha acınacaqlıdır. Reklamlar daha çox xaricdə çəkilir və Azərbaycana gətirilərkən hərfi tərcümə olunur və bu da düzgün alınmır. Dublaj olunan filmlərdə də problemlər var. Biz bütün bu məsələləri diqqətdə saxlamalıyıq. Hər bir aparıcı Azərbaycan dilini səlis bilməli və onun üzərində ciddi nəzarət olunmalıdır. Telekanallarda bədii şuralar yarandı, amma əfsus ki, bu şuralar kağız üzərində qaldı, bu məsələyə xüsusi diqqət yetirilməlidir. Bu sahədə hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şura tərəfindən mediada ədəbi dil qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər keçirilir. Onun sözlərinə görə, monitorinqlər zamanı daha çox müşahidə edilən sintaksis pozuntulardır. Ə.Amaşov bildirib ki, sintaksis qaydalara əməl etməyəndə cümlələr rabitəsiz və mənasız söz yığınına çevrilir. O deyib ki, digər problemlərdən biri də jurnalistlərin müraciət etdikləri mövzunu yaxşı bilməmələridir. Şura sədri əlavə edib ki, qloballaşma və inteqrasiyanın fərqini bilməyən qloballaşmadan, kreditlə investisiyanın fərqini bilməyən maliyyədən, sərəncamla fərmanın fərqini bilməyən hüquqdan, müalicə ilə müayinəin fərqini bilməyən təbabətdən yazır. Ə.Amaşovun sözlərinə görə, ən acınacaqlı vəziyyət vergül işarəsinin işlədilməsi isə bağlıdır. Onun sözlərinə görə, vergül pozuntusuna yol verilməyən yazıları az hallarda tapmaq mümkündür. Ə.Amaşov bildirib ki, mediada ədəbi dil pozulmalarına qarşı ictimai qınaq olmalıdır.

Ə.Amaşov vurğulayıb ki, media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi vacibdir: “Biz indiki dürumda media sahiblərinin üzərinə əməkdaşlarının ana dilini bilməsi məcburiyyətini qoymalıyıq. Təlimlər təşkil edilməlidir”.

Ə.Amaşov həmçinin qeyd edib ki, bu gün digər ixtisas sahələrindən jurnalistikaya axın var ki, bu da müəyyən problemlər yaradır. O deyib ki, Azərbaycanda heç kim ədəbi dil normalarını pozduğuna görə cərimələnməyib: “Ancaq Avropa ökələrində dil qaydalarını pozanlara cərimə tətbiq olunur. Hesab edirəm ki, bu təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündür".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Azərbaycan mətbuatında ədəbi dil normaları ilə bağlı ən ciddi problemlərdən biri vergül işarəsinin istifadə olunmasıdır: “Harda “ki” görürlər, vergül qoyurlar”.

O deyib ki, bu gün müasir Azərbaycan ədəbi dilinin normalarını, inkişaf istiqamətlərini publisistika formalaşdırır: “Yəni, bu gün Azərbaycan ədəbi dilinin inkişafını nə yazıçı, nə elmi dil deyil, publisistika, KİV-in dili müəyyənləşdirir”.

N.Cəfərov qeyd edib ki, ən ciddi problemlərdən biri də məişət dilinin tele-radio məkanına gəlməsidir: “Bu gün şifahi dil yazılı dilə təsir edir. Bir çox hallarda aparıcılar sənət adamlarından, müğənnilərdən seçilir. Amma nəzərə almaq lazımdır ki, həmin müğənni heç orta məktəbi düzgün oxumayıb, sözü düzgün tələffüz etmir. Bunları artıq düzəltmək mümkün deyil, gərək verilişi aparmaq üçün peşəkar gətirəsən. Müğənnilər də dəvət olunsun, amma dili bilən olsun. Bəzən cümlədə beş söz olur, beşi də səhv tələffüz olunur”.

Konfransda çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib ki, Azərbaycan dili olduqca zəngin dildir. O qeyd edib ki, rəhbərlik etdiyi qurumun nəzdində monitorinq şöbəsi yaradılıb və bir çox yerlərdə monitorinqlər aparılır, ədəbi dilin normalarının pozuntuları aşkar olunur: "Bəzən dövlət qurumları tövsiyələri yerinə yetirmir. Dövlət qurumları, icra strukturları deyirlər ki, buna toxunmaq olmaz”.

M.Nağısoylu bildirib ki, Dilçilik İnstitutunda qaynar xətt də fəaliyyət göstərir. O qeyd edib ki, müxtəlif peşə adamları gördükləri nöqsanlar barədə Dilçilik İnstitutuna xəbər verirlər və həmin nöqsanların aradan qaldırılması istiqamətində iş aparılır. M.Nağısoylunun sözlərinə gərə, Dilçilik İnstitutu tərəfindən ədəbi dilin normalarının pozulması ilə bağlı cərimə tətbiqi ilə əlaqədar təkliflər hazırlanır: “Amma hesab edirəm ki, burada daha vacib məsələ maarifləndirmə işinin aparılmasıdır”.

M.Nağısoylu vurğulayıb ki, qəzetlərdə korrektə işi, redaktə işi yoxdur: “Kim nə yazırsa, elə də çap olunur, əcnəbi sözlərdən istifadə olunur. Bu istiqamətdə məsuliyyət hissini artırmaq lazımdır”.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bildirib ki, televiziya məkanında ən ciddi problemlərdən biri intellektual səviyyəsi olmayan insanların verilişlərdə aparıcı olmasıdır: “Nə qədər yaraşığı olursa-olsun, intellektual səviyyəsi olmayan insanları aparıcı kimi gətirmək düzgün deyil. Nə qədər ki, intellektual səviyyəsi olmayan insanlar efirlərə çıxacaq, o qədər dilimizin üzərində qara buludlar əsəcək”.

K.Abdulla bəzən aparıcıların intellekt problemi olmadığını, nədən danışdığını bilmədiyini qeyd edib: "Dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil, dil özü bunu tənzimləyir. Məsələn, multikulturalizm sözünü bu gün ucqar kənddə belə bilirlər. Bu gün televiziya rəhbərlərimiz Azərbaycan dilində səlis danışırlar, amma telekanallarımızda tez-tez "musiqilər" sözü eşidirəm".

K.Abdulla aparıcılara Azərbaycan Dillər Universitetində xarici dil öyrətməyə hazır olduqlarını bildirib: "İctimai əsaslarla aparıcılar üçün xarici dil kursları təşkil edə bilərik. Azərbaycan ədəbi dili ilə bağlı bir sıra problemlər aparıcının xarici dili bilməməsindən qaynaqlanır".

Konfransda yekun söz sözləyən Ə.Həsənov bildirib ki, son zamanlar Azərbaycan dilinin pozulması artıq tendensiya halını almaqdadır: “Bugünkü müzakirələr səmərəli keçdi, bütün hədəflər ortaya qoyuldu və müzakirə edildi. Bu tək KİV-in məsələsi deyil, Azərbaycan dilinin saflığının qorunması və inkişafında hər bir vətəndaşın rolu və məsuliyyəti var və heç kim də bu məsuliyyətdən yayınmamalıdır”.

Ə.Həsənov televiziya aparıcılarının peşəkarlığı məsələsinə də toxunub: “Biz çox istərdik ki, aparıcılar həm intellektli olsunlar, həm dili yaxşı bilsinlər, həm də fiziki göstəriciləri yaxşı olsun. Təəssüf edirəm ki, son 10 ildə Azərbaycanda süni reytinq arxasınca qaçmaq, Azərbaycan mentalitetinə yad olan sorğuların televiziyalara yol tapması dilimizə öz təsirini göstərir. Xüsusən, televiziya rəhbərləri bu işdə məsuliyyətli olmalıdırlar. Çünki Azərbaycan cəmiyyətinə nümunələri siz təqdim edirsiniz. Elə insanları efirə çıxarın ki, onlar Azərbaycan insanını təmsil etmək iqtidarında olsunlar”.

Ə.Həsənov Azərbaycanda türk dilində serialların yayımının dayandırılması məsələsinə də toxunub. O qeyd edib ki, bəziləri deyirdilər ki, Azərbaycanda türk seriallarına qadağa qoyulur: “Xeyr, qadağa qoyulmurdu. Türk seriallarının yayılması Azərbaycan dilini sıxışdırırdı, biz qadağan etmədik, bu serialların Azərbaycan dilində yayılmasını təmin etdik. Bununla yanaşı, biz şərait yaratdıq ki, peyk vasitəsilə kim türk seriallarına baxmaq istəyir, baxsın”.

Ə.Həsənov bildirib ki, Azərbaycan dilinin saflığının, inkişafının təmin olunması hər bir azərbaycanlının borcudur: “Biz günahı aparıcıların, televiziya rəhbərlərinin və ya digərinin üstünə atmaqla, heç nəyə nail olmarıq. Doğma dilin yaşadılması hər bir azərbaycanlının ümdə vəzifəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti