...

Deputat: BTQ Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur

Siyasət Materials 31 Oktyabr 2017 21:06 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.
Deputat: BTQ Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur

Bakı. Samir Əli - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, bu layihə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mühüm bir hissəsidir:

"Hazırda Avropa və Asiya arasında olan ticarət əlaqələri, yük daşımaları hər il genişlənir. Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 mlrd dolları, yük daşımalarının həcmi isə illik 100 milyon tonu keçir. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu ilə daşınır. Şimal dəmir yolu marşrutu əsasən siyasi cəhətdən Avopa Birliyi ölkələri ilə sabit münasibətəri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşrutu isə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir. Məhz bu konteksdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranıb".

Millət vəkili bildirib ki, məhz 2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalandı: "O zaman digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə Qars-Gümrü-Tbilisi layihəsi idi. Bu layihənin bəzi hissələri hazır idi. Ancaq Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin nüfüzu və BTQ layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə qalib gəlməsinə səbəb oldu. BTQ dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var. BTQ layihəsi qərd istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Hazırda Qazaxstanın Aktau limanının yük aşırma gücü ildə 19.5 milyon tona qədər çatıb. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanının da ilkin mərhələdə yükaşırma gücü 10 milyon ton ətrafındadır. Hazırda Türkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 mlrd dollardır. İlkin hesablamalara görə, BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 mlrd dollara çatacaq".

T.Mirkişili bildirib ki, layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq: "Bununla yanaşı, Azərbaycanın iştirakçısı olduğu digər mühüm bir beynəlxalq dəmir yolu layihəsinin bu yaxınlarda işə düşməsi planlaşdırılır. Bu Şimal-Cənub beynəlxalq dəmir yolu layihəsidir ki, bu layihənin də BTQ dəmir yolu ilə inteqrasiyası Azərbaycan üçün əlavə böyük iqtisadi fayda yaradacaq. Layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək".

Qeyd edək ki, ötən gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti