...

Senat: İtaliya Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir

Siyasət Materials 1 Noyabr 2017 15:52 (UTC +04:00)
Oqtay Əsədov İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Senat: İtaliya Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, spiker bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni töhfə verəcəyinə inamını ifadə edib: “İtaliya ilə ikitərəfli və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrimizi daha da inkişaf etdirmək vacib məsələlərdəndir. Ölkələrimiz arasında fəal siyasi dialoq aparılır, iqtisadi sahədəki münasibətlərimiz hər iki tərəfə real faydalar gətirir. İtaliya Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Təqdirəlayiq haldır ki, əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir. Bu inkişaf həyatın bütün sahələrini əhatə edir”.

O.Əsədov bildirib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin, xüsusən dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb: “Ölkələrimiz arasında imzalanmış 40 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil etməklə yanaşı, həm də səmərəli əməkdaşlığımıza təminat verir. Bu ilin yanvar-sentyabr aylarında İtaliya ilə ticarət dövriyyəmizin həcmi 2 milyard 39 milyon ABŞ dolları həcmində olmuşdur. Biz gələcəkdə bu göstəricini daha da artırmaq niyyətindəyik”.

Sədr parlamentlər səviyyəsində münasibətlərimizin də yüksək səviyyədə olduğunu vurğuladı.

Qeyd edildi ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi ümumi işin xeyrinədir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliya Senatının sədr müavini L.Lanzillotta ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. O, ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlər arasında əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərəcək.

Qonaq bildirib ki, Bakı öz gözəlliyi ilə qonaqları məftun etməklə yanaşı, ölkənin qısa zaman kəsiyində əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir: “İtaliya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Biz həyatın ən müxtəlif sahələrində bu ölkə ilə münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik”.

Qəbulda parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında söhbətlər aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti