...

Nazir: Şimal-Cənub dəmir-yol xəttindən İsveç də faydalana bilər

Siyasət Materials 6 Noyabr 2017 19:06 (UTC +04:00)
Elmar Məmmədyarov İsveçə rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin Birinci vitse-spikeri Eva Thalen Finne ilə görüşüb.
Nazir: Şimal-Cənub dəmir-yol xəttindən İsveç də faydalana bilər

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçə rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin Birinci vitse-spikeri Eva Thalen Finne ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb. Bu xüsusda, parlament diplomatiyasının və parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğu bildirilib.

2017-ci ilin Azərbaycan və İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu qeyd olunub və bu müddət ərzində ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan siyasi dialoqun formalaşdığı vurğulanıb.

E.Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verərək Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir-yol xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırıb.

İqtisadi münasibətlərə gəldikdə isə tərəflər İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir edərək qarşılıqlı sərmayələrin artırılmasının vacibliyini qeyd ediblər. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu vurğulayıblar.

Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqində oynadığı roluna da toxunulub.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti