...

Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti millətin dəyərlərinə hörmətsizlikdir

Siyasət Materials 18 Noyabr 2017 16:48 (UTC +04:00)
NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyənin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının hədəf kimi göstərilməsi hər şeydən öncə bir millətin dəyərlərinə qarşı olan hörmətsizlikdir.
Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti millətin dəyərlərinə hörmətsizlikdir

Bakı. Elçin Mehdiyev - Trend:

NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyənin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının hədəf kimi göstərilməsi hər şeydən öncə bir millətin dəyərlərinə qarşı olan hörmətsizlikdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun sözlərinə görə, Türkiyə ilə NATO-nun 65 illik müttəfiqliyi nəzərə alınsa, hazırki münasibəti izah etmək bir qədər çətinləşir: “Ancaq bu çətin məsələnin çox sadə izahı var. Bu isə ondan ibarətdir ki, Turkiyə NATO üçün Varşava Blokuna qarşı geostrateji mövqeyinə görə müttəfiq seçilmişdı. Bu hərbi siyasi və hərbi ideoloji blokun dağılmasından isə artıq əsrin dörddə biri qədər vaxt keçib. Yeni geostrateji şərtlər formalaşıb, hətta iş o yerə gəlib çatıb ki, bu gün Varşava Blokunu yaradan ölkənin siyasi varisi Rusiya ilə Türkiyə arasında sürətlə irəliləyən strateji əməkdşlıq müşahidə olunur. Bunun səbəbi isə son illərdə NATO-nun Türkiyəyə müttəfiq kimi deyil, daha çox bu dövlətin təhlükəsizliyini təhdid edən hərbi-siyasi mərkəz kimi çıxış etməsi, Yaxın Şərqdə baş verən mühüm tarixi proseslərdə öz müttəfiqinin maraqlarını israrla gözardı etməsidir”.

H.Babaoğlu bildirib ki, belə olduqda isə Türkiyə məcburən yeni müttəfiqlər axtarışına çıxmalıdır: "Ancaq hələ bu da hamısı deyil. 2000-ci illərin əvvəllərində yenə NATO-nun təlimlərinin birində NATO-nun yeni Yaxın Şərq və Şimali Afrika layihəsinin xəritəsində Türkiyə ərazisində bir neçə qondarma dövlət göstərilmişdi. Hadisələr sübut etdi ki, belə hallar təsadüfi baş vermir. Çünki sonrakı mərhələdə biz Şimali Atlantika Blokunun Müsəlman Şərqində apardığı hibrid müharibələrdə Türkiyəni də parçalamağa cədlər etdiyinin şahidi olduq. Bu gün də Türkiyə təkçə təlimlərdə hədəf deyil, elə real hərbi–siyasi proseslərdə də üzvü olduğu hərbi blokun hədəflərindən biridir. Bunu Türkiyədə də gözəl bilirlər. Ancaq 2000-ci illərdə zəif olduqlarına görə belə sərt reaksiya verə bilmirdilər. Bu günsə qardaş Türkiyə Cümhuriyyəti belə mənəviyyatsız həmlələrə layiqincə cavab vermək gücündədər. Türk xalqı və höküməti 15 iyul 2016-cı il hadisələrində ən təhlükəli və ən mənəviyyatsız müdaxiləyə layiqincə cavab verməyi bacardı”.

Deputat hesab edir ki, NATO rəhbərliyinin Türkiyədən üzr istəməsinə gəldikdə isə bunun səmimi olduğuna kimisə inandırmaq çətindir: “Çünki belə hallar sistematik olaraq baş verir. Ona görə də Türkiyə yalnız özünə güvənməli, yeni geosiyasi şərtlərin tələblərinə uyğun olaraq regionda yeni güc mərkəzi formalaşdırmalıdır. Çünki postbipolyar dünya nizamı sona çatır. Hazırda multipolyar yəni çoxqütblü dünya nizamının yaranmasına doğru gedirik. Niyə də bu çoxqütblü nizamda Türkiyə və müttəfiqləri yeni güc mərkəzi olmasınlar”.

Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı "düşmənlər"in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti