...

Novruz Məmmədov: Şərq Tərəfdaşlığı sammitində qəbul edilən bəyannamə Azərbaycanın böyük qələbəsidir (YENİLƏNİB)

Siyasət Materials 23 Dekabr 2017 12:02 (UTC +04:00)
Şərq Tərəfdaşlığı sammitində qəbul edilən bəyannamə Azərbaycanın böyük qələbəsidir.
Novruz Məmmədov: Şərq Tərəfdaşlığı sammitində qəbul edilən bəyannamə Azərbaycanın böyük qələbəsidir (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Şərq Tərəfdaşlığı sammitində qəbul edilən bəyannamə Azərbaycanın böyük qələbəsidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bu gün dünyada çatışmayan bir şey var - ədalət, beynəlxalq hüquq bir tərəfə atılıb: "Belə olan halda böyük müharibə təhlükəsi daha da yaxınlaşır. Gərək bu dövlətlərin rəhbərləri, ictimaiyyəti daha həssas olsunlar və ədalət prinsipindən uzaq olmasınlar".

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərarını şərh edən PA rəsmisi vurğulayıb:

"Avropa İttifaqı gözləməli idi ki, Avropada separatizmlə bağlı hadisələr baş verəndən sonra belə qərar qəbul etsin?! Bunu çoxdan etmək lazım idi. Yoxsa "hər hansı bir Avropa ölkəsində separatizm baş qaldırıbsa, gəlin, bununla bağlı qərar verək” prinsipi düzgün deyil. Dağlıq Qarabağ münaqişəsi SSRİ dağılandan sonra yaranan ilk münaqişələrdən biri idi və əgər bu münaqişə ilə bağlı vaxtında konkret və ədalətli mövqe olsaydı, bu problem həllini tapsaydı, digər münaqişələr olmazdı. Bütün dünya görəcəydi ki, beynəlxalq hüquqdan kənara çıxıb bir addım atacaqsansa, bunun perspektivi yoxdur. Amma görürlər ki, bir münaqişə var və illərlə uzanır, həllini tapmır və belə olan halda münaqişələrin sayı artır".

Ümumilikdə 2017-ci ilin Azərbaycan üçün ən uğurlu illərdən biri olduğunu vurğulayan Prezidentin köməkçisi bildirib ki, bu ilin noyabrında Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qəbul edilən bəyannamədə ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstək böyük əhəmiyyət daşıyır:

"Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu, Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək".

N.Məmmədov bildirib ki, bu il ərzində ölkənin xarici siyasətində ən böyük hadisələrdən biri Azərbaycan Prezidentinin Brüsselə səfəri oldu: “Orada Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanmasına start verildi və müəyyən müddəaları ilə bağlı razılaşma əldə edildi. Bu, çox böyük hadisədir”.

Avropa Şurası ilə də münasibətlərə toxunan N.Məmmədov vurğulayıb ki, Azərbaycanın məqsədi qarşılıqlı surətdə və faydalı əməkdaşlıq etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti