...

Azərbaycan Prezidenti Administrasiyasında yeni təyinat

Siyasət Materials 17 Yanvar 2018 17:35 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasında yeni təyinat olub.
Azərbaycan Prezidenti Administrasiyasında yeni təyinat

Bakı. Trend:

Azərbaycan Prezidenti Administrasiyasında yeni təyinat olub.

Trend-in məlumatına görə, Etibar Nəcəfov Administrasiyanın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, yeni yaradılan bu şöbənin müdiri vəzifəsi bir müddətdir ki vakant idi.

Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Daşkəsən rayonunda orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin Fəlsəfə fakültəsinə qəbul olub. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib və universitetin Fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olub. 8 dekabr 1988-ci ildə "Elmi-texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası" mövzusunda namizədlik dissertasiyası, 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləyib. Hazırda Bakı Slavyan Universitetində Avropaşünaslıq kafedrasının professoru və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri vəzifəsində işləyir.

70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir. ABŞ-ın bir sıra ştatlarında, Norveç, Rusiya, Türkiyə, İsveç, Macarıstan, Avstriya, Niderland, Qazaxıstan, Gürcüstan və digər ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. 2002-2005-ci illərdə fasilələrlə Nyu-Yorkun Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistrlara dərs deyib.

Tədris və tədqiqat sahəsinə aid ABŞ-ın və bir neçə Avropa ölkəsinin təsis etdiyi qrantlara layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti