...

Özbəkistanda 20 Yanvar şəhidləri anılıb (FOTO)

Siyasət Materials 19 Yanvar 2018 12:45 (UTC +04:00)
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib.
Özbəkistanda 20 Yanvar şəhidləri anılıb (FOTO)

Bakı. Trend:

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, məktəblilər, jurnalistlər iştirak ediblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində Mərkəzinin foyesində Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin istedadlı uşaqlarının 20 Yanvar faciəsinə dair çəkdikəri rəsmlər, habelə fotoşəkillərdən ibarət sərgi təqdim edilib. İştirakçılara 20 Yanvar faciəsi, şəhidlər, Azərbaycanın müstəqilliyinə aparan yol və bu hadisələr haqqında məlumat verilib.

Tədbirdə öncə faciə qurbanlarının əziz xatirəsi anılıb, şamlardan “Şəhidlər unudulmadı” adlı yazı kompozisiyası hazırlanıb.

Çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsi haqqında danışaraq, bu hadisələrin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin xalqımıza qarşı törədilmiş bu qanlı hadisələrə öz qiymətini verməsi, Azərbaycanın müstəqilliyinə qovuşması, bu hadisələrə dövlətimiz tərəfindən siyasi qiymət verilməsi və s. barədə danışaraq, müstəqil Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən yaxşı töhvə olduğunu söyləyib.

Daha sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi, dosent Gülbahar Aşurova çıxış edərək, Azərbaycan xalqının bu hüzn günündə bütün soydaşlarımıza başsağlığı verərək, şəhidlərin qanının yerdə qalmadığını, Azərbaycan öz istiqlalını əldə etdiyini bildirdi. G.Aşurova Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycan şeirini söylədi.

Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kurslarının uşaqları 20 Yanvar şəhidlərinə dair şerlər oxuyublar.

Anım tədbirində faciə qurbanlarına həsr olunmuş rekviem iştirakçılara təqdim edilib. Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin xalq sənəti bölməsinin dosenti Davron Kadirovun rəhbərliyi ilə ansambl özbək məqamlarını, ağılarını, Özbəkistan Dövlət Konservatoriyasının vokalisti Şaxistə Pirnazarova qəmli xalq türkülərini ifa ediblər.

Mərasim iştirakçılarına 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi nümayiş etdirilib.

Tanınmış özbək tarixçisi Şuxrat Salamovun Türküstan və Qafqazlarda erməni daşnaklarının həyata keçirdiyi qətliamlara həsr olunmuş və Daşkənddə yeni çapdan çıxmış “Müharibələr ideyası” kitabının imza mərasimi olub, kitablar paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti