...

Prezident İlham Əliyev: Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yaxşı uğurlar əldə edib (YENİLƏNİB-4)

Siyasət Materials 23 Yanvar 2018 17:54 (UTC +04:00)
Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yaxşı uğurlar əldə edib
Prezident İlham Əliyev: Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yaxşı uğurlar əldə edib (YENİLƏNİB-4)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yaxşı uğurlar əldə edib.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.

Dövlətimizin başçısı qeyd edib: "İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik. Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir".

Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayesi 4 faiz artıb: "Bu səbəbdən qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur. Hazırda neftin qiyməti artmaqdadır, ancaq bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq. Biz xərclərimizin optimallaşdırılmasına nail olmuşuq. Ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur”.

Dövlət başçısı qeyd edib ki, builki büdcədə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcək: “Bununla yanaşı, biz anlamalıyıq ki, neft-qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcəkdir. Ancaq artıq bu gün qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Bizim hədəfimiz ixracımızı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir”.

Enerji layihələrinə gəldikdə isə, Prezident İlham Əliyev qeyd edib ki, onlar Azərbaycan və region üçün əhəmiyyətlidir və Azərbaycanın təşəbbüskarı olduğu bu layihələr regionun enerji xəritəsini dəyişib: "Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik".

Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir və iki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar Azərbaycanın təbii qaz ehtiyatlarına da çıxış əldə edəcəklər:

"Eyni sözləri bizim nəqliyyat layihələrimiz haqqında da söyləyə bilərəm. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var. Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcəkdir. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır".

Prezident İlham Əliyev qeyd edib ki, bir neçə il bundan öncə Azərbaycanın əsas hədəflərindən biri yoxsulluq və işsizliyin azaldılması idi: "Buna uğurla nail olundu. Yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artmışdır və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir. Neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır və işsizliyin aşağı səviyyədə olması üçün biz təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə diqqət yetirməliyik. Əhalimiz islahatlara hazırdır və islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İslahatlar ağır olmamışdır. Çünki radikal islahatlar həyata keçirilərkən ilkin mərhələdə əhali bundan əziyyət çəkir. Biz dövlət yardımına ehtiyacı olanlara geniş sosial dəstək təklif etdik. Ona görə də bu proses olduqca əngəlsiz keçdi. Qarşıdan gələn illərdə biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti