...

Azərbaycan Davosda Avropa ilə uğurlu təcrübəsini bölüşür, Ermənistan isə AŞ PA-da sınıq val kimi baş-beyin aparır

Siyasət Materials 24 Yanvar 2018 21:24 (UTC +04:00)
Azərbaycan mühüm qərarların qəbul edildiyi, fikir mübadilələrinin aparıldığı, yeni əməkdaşlıq imkanları təqdim edən tədbirdə iştirak edir, Ermənistan isə AŞ PA-da sınıq val kimi artıq hamının baş-beynini aparır.
Azərbaycan Davosda Avropa ilə uğurlu təcrübəsini bölüşür, Ermənistan isə AŞ PA-da sınıq val kimi baş-beyin aparır

Bəxtiyar Hacıyev – Trend:

Hazırda Avropada diqqətlər iki mühüm toplantıya yönəlib: İsveçrənin Davoş şəhərində Dünya İqtisadi Forumu, Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası. Azərbaycan Prezidenti Forumda dünya iqtisadiyyatının üzləşdiyi çağırışları müzakirə edir, təkliflər irəli sürür, Ermənistanın rəhbəri Serj Sarkisyan isə AŞ PA-nın qış sessiyasında sözün əsl mənasında boşboğazlıqla məşğuldur.

Prezident İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" adlı interaktiv iclasında bildirdi ki, maraqların balanslaşdırılması və digər ölkələrin daxil işlərinə qarışmamaq Azərbaycanın uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir.

Dövlətimizin başçısı qeyd etdi ki, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də Azərbaycanın yerləşdiyi regionda: "Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq eyni zamanda qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir".

Rəsmi Bakı həqiqətən də Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə uğurlu əməkdaşlıq edir, başqa sözlə, "qonşularla sıfır problem" siyasəti yürüdür və bu siyasətin uğurlu nəticələri də artıq göz qabağındadır: Azərbaycan Türkiyə və Gürcüstanla Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri layihələri həyata keçirib, hazırda TANAP və TAP qaz boru kəmərlərinin inşası layihələri uğurla icra edilir; Rusiya və İranla birgə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə mühüm işlər görür və s. Bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələrdən Ermənistandan başqa bütün region ölkələri də faydalanır. Bunun səbəbi isə hər kəsə gün kimi aydındır – Ermənistan işğalçıdır, Azərbaycan isə yalnız əməkdaşlığa açıq olan, qonşusunun ərazisinə təcavüz etməyən ölkələrlə münasibətlər qurur. İqtisadiyyatı çökməkdə olan Ermənistanın yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğalına son qoymaqdır. Yalnız bundan sonra rəsmi Yerevanla hər hansı əməkdaşlığa baxıla bilər.

Forum iştirakçılarına gərgin və təhlükəli regionda necə davranmaq lazım olduğunu başa salan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın regionda olan hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatı var: "Biz gənc müstəqil ölkəyik - cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil. Hesab edirəm ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır. Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxil işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir".

Yanvarın 24-də Azərbaycan Prezidenti Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı" adlı sessiyada iştirak edib, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərləri, mütəxəssislər və alimlərlə neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparıb.

Serj Sarkisyanın isə Davos İqtisadi Forumu kimi mühüm tədbirdə yeri yoxdur. Təbii ki, iqtisadiyyatı çökməkdə olan, işsizliyin, yoxsulluğun artdığı, əhalinin etiraz dalğasına bürünən ölkənin başçısı belə bir beynəlxalq foruma hansı məntiqlə dəvət oluna bilər, iştirak etsə belə, danışmağa nə sözü ola bilər?

Təbii ki, Ermənistanın dövlət başçısı fikirləri yenə də Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb. Suda boğulan saman çöpündən yapışan kimi, ölkəsini fəlakətə sürükləyən Sarkisyanın da bütün günahları kiminsə boynuna atmaq, diqqəti Ermənistandakı sosial-iqtisadi problemlərdən yayındırmaq üçün münaqişə və Azərbaycanın guya zorakılığa əl atması barədə danışmaqdan başqa çarəsi qalmayıb.

Yenə də 2016-cı ilin aprel döyüşlərinə toxunan (Azərbaycan Ordusu bu döyüşlərdə Ermənistana necə toy tutubsa, düşmən hələ də unuda bilmir) Sarkisyan erməni silahlılarının Azərbaycan ərazilərinə soxularaq Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalisini atəşə tutmasını danır, hətta utanmadan Azərbaycanın guya danışıqlar prosesini pozmasından, qondarma rejimdə olmayan demokratiyadan, insan hüquqlarından danışır.

Əslində bu iki beynəlxalq toplantı Azərbaycanın və Ermənistanın, eləcə də Prezident İlham Əliyevin və Serj Sarkisyanın dünyada hansı nüfuza sahib olduğunu bir daha açıq-aşkar nümayiş etdirdi. Azərbaycan mühüm qərarların qəbul edildiyi, fikir mübadilələrinin aparıldığı, yeni əməkdaşlıq imkanları təqdim edən tədbirdə iştirak edir, Ermənistan isə AŞ PA-da sınıq val kimi hamının baş-beynini aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti