...

Novruz Məmmədov: Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyur (YENİLƏNİB)

Siyasət Materials 21 Aprel 2018 12:25 (UTC +04:00)
Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyur.
Novruz Məmmədov: Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyur (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyur.

Trend-in məlumatına görə, bunu Azərbaycanın yeni baş naziri vəzifəsinə namizədliyi Milli Məclisdə təsdiq olunan Novruz Məmmədov bu gün parlamentdə çıxışı zamanı deyib.

Novruz Məmmədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Baş nazir vəzifəsi çox çətin, lakin şərəfli vəzifədir. Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox şərəflidir.

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir: "Azərbaycan ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin ikinci onilliyində dünyada gərgin proseslərin getdiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur. Biz yüksək səviyyəli inkişafımızı davam etdirməliyik. Bu, çox çətin vəzifədir. Çalışacağam ki, bu məsuliyyətli vəzifəni Azərbaycan Prezidentinin rəhbərliyi ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim. Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək".

Hazırda Azərbaycanın çox yüksək inkişaf mərhələsində olduğunu vurğulayan Baş nazir deyib: “Mən xarici siyasətlə çox məşğul olduğum üçün beynəlxalq aləmdə dövlətlərlə bağlı mövqeləri yaxşı bilirəm. Azərbaycan fəal iştirakçı və təşkilatçı kimi bu illər ərzində siyasi, enerji, idman, mədəniyyət, multikulturalizm sahələrində dünyanın ən böyük layihələrini uğurla həyata keçirib. Azərbaycan beynəlxalq əməkdaşlığa çox böyük töhfələr verib. Bir neçə ilə Azərbaycan Avrasiyanın ən böyük nəqliyyat qovşağı olacaq. Hindistandan Avropanın şimalına, Şərqdən Qərbə, Avropanın cənubuna qədər bütün ölkələrin ticari, iqtisadi əlaqələrinin qovşağı məhz Azərbaycan olacaq. Bu, həm də Azərbaycanın gələcək inkişafını təmin edir. Mənim qarşımda duran əsas vəzifə Azərbaycanın iqtisadi sahədə bu günə qədər əldə etdiyi uğurların istiqamətlərini daha da konkretləşdirmək, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq addımlar atmaqdır. Şübhəsiz ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında dövlət, hökumət strukturları ilə, eləcə də Milli Məclisin üzvləri ilə birlikdə biz bu vəzifələrin öhdəsindən gələcəyik".

Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan artıq çox böyük layihələr həyata keçirib, siyasət, iqtisadiyyat, enerji, idman, mədəniyyət sahələrində böyük uğurlara imza atıb: "Bütün bu işləri təhlil etsək görərik ki, dünyanın heç bir ölkəsi Azərbaycanla müqayisə oluna, ölkəmizlə rəqabət apara bilməz. Azərbaycan beynəlxalq təşkilatlarda çox fəal iştirak edir. Ölkəmiz siyasi, mədəni, idman, sivilizasiyalararası dialoq, multikulturalizm sahələrində mötəbər tədbirlərə ev sahibliyi edir. Azərbaycan 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına 2019-2021-ci illərdə sədrlik edəcək. Azərbaycan Prezidenti daxili və xarici siyasəti, beynəlxalq münasibətlər sahəsini mükəmməl bilən müdrik siyasi xadimdir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, müstəqil Azərbaycan öz tarixində ən möhtəşəm dövrünü yaşayır".

Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onun qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti