...

Kaliforniya ştatının San Dieqo şəhərində 28 may “AXC-in 100 illiyi Günü” elan edilib

Siyasət Materials 26 May 2018 10:54 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində 28 may “AXC-in 100 illiyi Günü” elan edilib
Kaliforniya ştatının San Dieqo şəhərində 28 may “AXC-in 100 illiyi Günü” elan edilib

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Günü” elan edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, bununla bağlı San Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə həmçinin qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan San Dieqo şəhəri ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda 28 may tarixi San Dieqo şəhərində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Günü” elan edilir.

Qeyd edək ki, 1.4 milyon əhalisi və 206 milyard dollarlıq Ümumi Daxili Məhsulu olan San Dieqo şəhəri Kaliforniyada ikinci, ABŞ-da isə səkkizinci ön böyük şəhərdir. San Dieqo şəhəri ilə Bakı şəhəri arasında rəsmi münasibətlər 2011-ci ildə qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti